Azərbaycan, Bakı, 19 avqust /Trend/
Avqustun 18-də Bakı şəhərindən yola salınan "Gənc Heydərçilər"i Qusar rayonundakı "N" saylı hərbi hissənin məsul zabitləri qarşılayıblar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təşkil olunmuş tədbirdə hərbi hissə komandanlığı tərəfindən yeniyetmələrin səmərəli istrahətinin təşkili üçün hərtərəfli şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Hərbçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyat və fəaliyyətləri, hərbi hissədəki şəraitlə, həmçinin hərbi hissənin döyüş texnikası və silahları ilə tanışlıq yeniyetmələrin gələcəkdə hərbi xidmətə daha yaxşı hazırlaşmasına, hərb peşəsinə olan marağın artmasına şərait yaradacaq, onlarda gələcəyin görkəmli hərbi sərkərdələri olmaq hissləri oyadacaq.
Düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınaraq hərtərəfli hazırlıq işləri görülüb.
Düşərgədə yeniyetmələr gündəlik olaraq yüksək kalorili yemək, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaqlar. İstirahət dövründə onlar üçün bir neçə dəfə təbiət qoynunda nahar yeməyinin təşkili də nəzərdə tutulub.
"Gənc Heydərçilər"in Qusar rayonunun görməli yerlərinə, tarixi abidələrinə, "Nabran" istirahət və "Şagdağ" idman - turizm mərkəzlərinə ekskursiyaları və "Quba Soyqırımı" abidəsinin ziyarəti də nəzərdə tutulub.
Artıq bu gündən düşərgədə uşaqların təlim-tərbiyəsi, dərslərin keçirilməsi və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi işlərinə başlanılıb.