...

QHT-lərə Dövlət Dəstəyi Şurası İtaliyanın iki qeyri-hökumət təşkilatı ilə qrant müqaviləsi imzaladı (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası İtaliyanın "Classis-Project" və "Epoke" qeyri-hökumət təşkilatları ilə qrant müqaviləsi imzalayıb.

Şuradan Trend-ə verilən məlumata görə, müsabiqə qaliblərini təbrik edən Şura sədri Azay Quliyev "Classis-Project" və "Epoke" təşkilatları ilə əməkdaşlığın ilk növbədə Azərbaycanla İtaliya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın Avropaya inteqrasiyası üçün ölkə Prezidenti cənab İlham Əliyevin mühüm dövlət proqramlarına, o cümlədən xarici ölkə QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ideyasına dəstək verdiyini bildirən A.Quliyev bu layihələrin hər iki ölkənin maraqlarına xidmət edəcəyini qeyd edib. A.Quliyev İtaliya qeyri-hökumət təşkilatlarının layihə çərçivəsində Azərbaycana aid informasiya portalı yaratmasını, həmçinin tarixi, iqtisadi, kulturoloji tədqiqatlar aparmasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması işində mühüm rol oynayacağını bildirib.

"Classis-Project" dünyanın ayrı-ayrı bölgələrini təbliğ edən və tanıdan qurum kimi fəaliyyət göstərir. Şuranın dəstəyi ilə 12 ay ərzində həyata keçirəcəyi layihədə təşkilat ölkəmizin tarixini, maddi-mədəni irsini, müstəqil dövlət olaraq əldə etdiyi ictimai-siyasi, iqtisadi, sosial-mədəni nailiyyətlərini, təbiətini və turizm potensialını italyan dilində təbliğ etməyi nəzərdə tutur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizə vurduğu ziyan, münaqişənin region üçün təhlükə olması portalda işıqlandırılacaq əsas mövzulardandır. "Classis-Project" Azərbaycanla bağlı ixtisaslaşmış qurum kimi, konfranslar, "dəyirmi masa"lar və digər mədəni tədbirlər keçirməklə il ərzində öz maarifçilik fəaliyyətini davam etdirəcək.

Bu gün Şuranın müqavilə imzaladığı 2-ci İtaliya təşkilatı "Epoke" ictimai rəyin öyrənilməsi, iqtisadi bazarın təhlili və elmi araşdırmaların həyata keçirilməsi sahəsində ixtisaslaşmış elmi tədqiqat institutudur. Şuranın dəstəyi ilə həyata keçirəcəyi layihədə "Epoke" təşkilatı Azərbaycana aid xüsusi tədqiqatların aparılmasını nəzərdə tutur. Layihə çərçivəsində İtaliyanın nüfuzlu 25 universiteti, o cümlədən Bolonya, Kalyari, Firenze, Genuya, Napoli Şərqşünaslıq, Pavia, Milan, Milan Katolik, Roma, Trento, Venesiya və başqa universitetlərində bakalavr dərəcəsinin sonuncu kurs, eləcə də magistr və doktorantura tələbələri arasında müsabiqə keçirəcək. Müsabiqənin qalibləri (I yer - 5000$, II yer - 3000$, III yer - 1500$) mükafatlandırılacaq. Tələbə və gənc alimləri Azərbaycanla bağlı daha ətraflı araşdırmalara cəlb etmək məqsədilə müsabiqə qalibləri Azərbaycana dəvət ediləcək və onlardan elmi tədqiqat işlərini davam etdirmək istəyənlərə bir illik təqaüd veriləcək. İtaliyalı tələbələr və gənc alimlər təklif olunan mövzulardan biri üzrə (Azərbaycanın iqtisadiyyatı, siyasəti, sosial-ictimai həyatı, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi) elmi tədqiqat işi yazacaqlar.

"Classis Project" təşkilatının təsisçisi Paola Kasaqranda çıxış edərək layihəni dəstəklədiyinə görə Şura rəhbərliyinə təşəkkür edib və layihənin reallaşdırılmasının Azərbaycan-İtaliya əməkdaşlığının möhkəmləndirilməsi üçün faydalı olacağını bildirib.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo öz çıxışında Azərbaycan və İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində vətəndaş cəmiyyəti qurumlarının oynadığı rolu yüksək qiymətləndirdiyini bildirib.

Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri, millət vəkili Azər Kərimov hər iki ölkənin qeyri-hökumət təşkilatlarının əməkdaşlığına Milli Məclisin daim dəstək verdiyini və bu əməkdaşlığın xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti