Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 96 illiyi qeyd olunur.
Trend-in məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun, azərbaycanlı millət vəkilləri və ziyalılar iştirak ediblər.
Tədbir zamanı səfiri İsmayıl Alper Coşqun Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğluya Qubanın Susay kəndindəki türk məzarının tapılması və məsələnin gündəmdə saxlanılması üçün göstərdiyi səylərə görə təşəkkür lövhəsi təqdim edib.
Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Qafqaz İslam Ordusu Bakının azad olunması üçün aparılan döyüşlərdə 1130 şəhid verib.
Hal-hazırda Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala şəhərlərində türk şəhidlərinin məzarlıqları və onların xatirəsinə ucaldılmış abidələr var .
Qubanın Susay kəndindəki türk şəhidin məzarı yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanılır və ziyarət edilir. Kənddəki türk şəhidin məzarı yerli sakin Nazim Pəncəliyev tərəfindən restavrasiya edilib.