...

Bakıda insan hüquqları və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 24 Sentyabr 2014 10:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilatçılığı ilə Bakıda “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bakıda insan hüquqları və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) təşkilatçılığı ilə Bakıda "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xerir ki, iki gün davam edəcək konfransın keçirilməsində məqsəd Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirəsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və gələcək perspektivlərin müəyyənləşdirilməsidir.

Tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiyanı, bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın xarici nümayəndə iştirak edir. Onların arasında Avropa Şurasının üzv dövlətlərinin və bir sıra digər dövlətlərin ekspertləri, "vahid məkan" prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksək vəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri var. O cümlədən, konfransda ölkənin aidiyyəti dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirlər.

Konfransın açılışında Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Avropa Şurasının Demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, ATƏT-in İqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən giriş nitqi ilə çıxış edəcəklər.

Tədbirin proqramına iştirakçıların qeydiyyatı, açılış sessiyası, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı mövzularda sessiyalar, konfransın yekunlarının icmalı, qrup fotosunun çəkilməsi və "ASAN xidmət" mərkəzlərinə tanışlıq səfəri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti