...

Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb

Cəmiyyət Materials 9 Oktyabr 2014 11:25 (UTC +04:00)
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə dövlətin balansında olan yaşayış binalarındakı mənzillərin ucuz qiymətə kirayayə verilməsi təklif edilir.
Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə yeni güzəştlərin tətbiqi üçün layihə hazırlanıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda çoxuşaqlı və aztəminatlı ailələrə dövlətin balansında olan yaşayış binalarındakı mənzillərin ucuz qiymətə kirayayə verilməsi təklif edilir. Bu barədə Trend-ə Azərbaycan hökumətindəki mənbədən məlumat verilib.

Məlumata görə, bu, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq yeni hazırlanan "Azərbaycan Ailəsi Strategiyası"nın layihəsindəki təkliflərdən biridir.

Strategiya layihəsində çoxuşaqlı və aztəminatlı ailələrin, o cümlədən tək valideynli, ailə başçısını itirən, bir və ya bir neçə üzvü əlil, məhkum, şəhid olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, bu ailələr üçün sosial xidmətlərin yaxşılaşdırılması, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, uşağın anadan olmasına, hamiləliyə və doğuma görə müavinətlərin məbləğinin artırılması təklif edilir.

Bununla yanaşı, təklif edilir ki, çoxuşaqlı ailələrin məktəb yaşlı uşaqlarına oxuduqları təhsil müəssisəsi tərəfindən sosial dəstəklər göstərilsin, yardımlar verilsin.

Çoxuşaqlı ailə dedikdə isə uşaqlarının sayı 5 və daha çox olan ailələr nəzərdə tutulur.

Artıq strategiya layihəsinin işçi qrup səviyyəsində ilk müzakirəsi keçirilib. Sənəd daha da təkmilləşdirildikdən sonra rəy alınması üçün digər dövlət qurumlarına göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti