...

Ceyhun Bayramov: Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir

Cəmiyyət Materials 10 Oktyabr 2014 14:01 (UTC +04:00)
Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir və bu əməkdaşlıq getdikcə dərinləşir.
Ceyhun Bayramov: Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir və bu əməkdaşlıq getdikcə dərinləşir. Trend xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Baku Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq "Təhsil" və 8-ci Azərbaycan Beynəlxalq "Karyera" sərgilərinin açılış mərasimində çıxışı zamanı bildirib.

Nazir müavini deyib: "Biz hesab edirik ki, "Təhsil" və "Karyera" sərgiləri təhsil müəssisələri, biznes aləmi və gənclərimiz üçün bu sahədə dialoqun aparılması, yeni layihələrin müzakirə edilməsi üçün çox gözəl platformadır".

Onun sözlərinə görə, ali təhsil sahəsində prioritetlərdən biri ali təhsil müəssisələrinin sözün əsl mənasında həm də innovasiya, tədqiqat mərkəzlərinə çevrilməsi layihəsi, o cümlədən ixtisas yönümlü peşə seçiminin təmin edilməsi məsələsidir: "Biz hesab edirik ki, bu istiqamətdə gənclərin, tələbələrin düzgün peşə seçimi onların gələcək karyeralarının inkişafında, gələcək uğurlarında mühüm rol oynayacaq. Biz inanırıq ki, bugünkü sərgi bizim gənclərimiz, şagird və tələbələrimiz üçün sözün əsl mənasında bələdçi rolunu oynaya bilər".

C.Bayramov "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasın"na uyğun olaraq ötən ildən icrasına başlanılmış və məqsədi ilk peşə ixtisas təhsilində təhsil keyfiyyətlərinin, standartlarının yüksəldilməsi, ilk peşə ixtisas təhsilinin ictimai nüfuzunun artırılmasına yönəlmiş "Müasir Azərbaycan peşəkarları" layihəsini xüsusi qeyd edib: "Bu layihə çərçivəsində bir sıra layihələrin beynəlxalq təşkilatlar, xarici şirkətlər və digər dövlətlərin iştirakı ilə icrasına başlanılıb və həyata keçirilir. Bir xüsusiyyət var. Həmin xüsusiyyət ondan ibarətdir ki, bu layihələrin hamısı real sektorla və biznesin iştirakı ilə birlikdə həyata keçirilir. Biz Təhsil Nazirliyi olaraq qeyd etmək istərdik ki, bu istiqamətdə işlər bundan sonra davam etdiriləcək və genişləndiriləcək. Yaxın günlərdə isə ən yeni standartlara uyğun yenidən qurulmuş ilk peşə təhsili müəssisəsinin açılışını qeyd edəcəyik".

Nazir müavini bildirib ki, təhsil islahatlarının uğurla həyata keçirilməsi hamının birgə səylərindən asılıdır. Burada təhsil müəssisələri ilə biznes, işəgötürənlər arasında sıx əlaqə qurulmalıdır: "İslahatların uğuruna yalnız hökumətin öhdəliyi kimi baxmaq lazım deyil. Burada hər birimizin, xüsusilə də işəgötürənlərin səyləri vacibdir. Bu sərginin genişlənməsi nəticəsində bizneslə təhsil sektoru arasında bu əməkdaşlıq genişlənəcək və biz Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından yeni layihələrin həyata keçirilməsinin əsasını burada qoyuruq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti