Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bu il 571 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verır ki, 2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na keçirilən müsabiqə başa çatıb. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə malik tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 571 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib.
Bu tələbələr Harvard Universiteti, Oksford Universiteti, HEC Paris, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi ali təhsil müəssisələrinin məzunu olmaqla, qısa bir müddətdə Azərbaycana dönərək müvafiq sahələrin davamlı inkişafına təminat verəcəklər.
Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan builki seçimlərdə üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində istər yüksək TQDK göstəricilərinə malik, istər beynəlxalq olimpiada iştirakçıları, istərsə də müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 153 tələbə isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq imkanı əldə ediblər.