Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Noyabrın 8-də Gəncədəki Bayraq Meydanında böyük izdiham yaşanmışdır. Minlərlə şəhər sakini, uşaqdan tutmuş böyüyədək hamının üzündən sevinc oxunurdu. Əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş insanlar yaşadıqları müstəqil Azərbaycan Respublikası ilə fəxr etdiklərini qürurla söyləyirdilər. Ətrafa yayılan şən mahnılar bu təntənəni daha da canlandırırdı.
Çox çəkmədi ki, meydanda əsgərlər göründülər. Çiyinləri üstündə üçrəngli Azərbaycan bayrağını tutmuş əsgərlər marş sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısından keçdilər. Sonra velosiped yürüşünün iştirakçıları və vətənpərvər şahinlərin nümayişi başladı.
Min nəfər gəncin və mərasim iştirakçılarının ifasında Dövlət Himni canlı olaraq səsləndirildi. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdi və müqəddəs üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyünün və toxunulmazlığının simvolu olduğunu bildirdi. Azərbaycançılıq, vətənpərvərlik ideyalarına sadiq qalmağın, bayrağımızın şərəfini hər yerdə qorumağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu qeyd etdi. Müstəqillik qazandıqdan sonra əldə olunan uğurlardan danışan Elmar Vəliyev bu inkişafı Gəncənin timsalında faktlarla diqqətə çatdırdı.
Rəsmi hissədən sonra şəhərin musiqi kollektivləri vətənpərvərlik mövzusunda maraqlı proqramla çıxış etdilər.