Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Ədliyyə nazirliklərinin, BMT-nin Uşaq Fondunun (UNICEF) və "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdə olub. Altı gün davam edən səfər sosial cəhətdən həssas əhali qruplarına, xüsusən uşaqlara sosial xidmətlərin göstərilməsi və monitorinqi sahəsində qardaş ölkə ilə təcrübə mübadiləsinin aparılması məqsədinə xidmət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovla Türkiyənin ailə və sosial siyasət nazirinin müavini xanım Çiğdəm Ərdoğan Atabəyin görüşündə iki nazirlik arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görülən işlərdən söz açılıb, sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində hər iki ölkədə aparılan islahatlarla bağlı qarşılıqlı məlumatlar verilib.
Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin Sosial yardımlar baş direktorluğunda keçirilən görüşdə Türkiyədə sosial yardım və müavinətlər sistemi, yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən tədbirlər, həmçinin sosial yardımlar üzrə elektron məlumat bazasının formalaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat mübadiləsi aparılıb. Görüş zamanı Türkiyədə uşaqların ilk növbədə doğma ailə mühitində yaşamalarına üstünlük verildiyi, bu mümkün olmadıqda isə övladlığa verilmə, himayədar ailə və ailə tipli kiçik qrup evi modellərindən istifadə edildiyi qeyd olunub. Ölkədə son on ildə ənənəvi uşaq müəssisələrinin sayının demək olar ki, sıfıra endiyi, alternativ qayğı müəssisələrinin sayının isə artdığı vurğulanıb.
Səfər zamanı "Koza" məişət zorakılığından zərər çəkmiş şəxslər üçün reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə məişət zorakılığından zərər çəkmiş şəxslərin reabilitasiyası üçün psixo-sosial reabilitasiya, polis yardımı, hüquqi məsləhətlər, peşə hazırlığı və məşğulluq imkanlarının artırılması istiqamətində xidmətlər göstərilir. Həmçinin ailə tipli kiçik qrup evi ilə tanış olan nümayəndə heyətinə bildirilib ki, burada valideyn himayəsindən məhrum olmuş 6 nəfər uşaq ailə mühitində və tam dövlət təminatında yaşayır. Gün ərzində tərbiyəçilər onlara məişət xidmətləri göstərir, onların təlim-tərbiyəsi ilə məşğul olurlar.
Nümayəndə heyəti Türkiyədə əlilliyi olan insanlar üçün 780 nəfərlik sosial reabilitasiya yönümlü "Kampus-Şəhərcik"də, dövlət qulluğunda işləmiş və pensiya hüququ qazanmış ahıllara sosial xidmət göstərən müəssisədə də olaraq, həmin müəssisələrin iş metodları ilə əyani şəkildə tanış olublar. Səfər çərçivəsində UNİCEF-in Türkiyə ofisində keçirilən təqdimatda bu təşkilatın 2005-2008-ci illərdə Türkiyədə sosial xidmət sahəsində minimum standartların, monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması və digər sahələrdə gördüyü işlər barədə dolğun məlumatlar verilib.