...

Allahşükür Paşazadə: İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz cihad adı ilə başqa ölkələrə yollanırlar (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2014 15:56 (UTC +04:00)
“İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.
Allahşükür Paşazadə: İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz cihad adı ilə başqa ölkələrə yollanırlar (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

"İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar". Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu İdarənin sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-nin nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti - dördüncü buraxılışı ilə bağlı keçirilən tədbirdə deyib.

Şeyxülislam kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu söyləyib, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb.

A.Paşazadə təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev müdavim-ruhanilər qarşısında çıxış edib və onlara öz tövsiyələrini verib.

Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olunub.

Tədbirin sonunda QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli müdavimləri təbrik edib, onlara xeyir-dua verib.

Tədbirdə QMİ sədrinin müavini Hacı Fuad Nurullah, QMİ-nin Aparat rəhbəri Simran Həsənov, QMİ-nin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov və digərləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti