...

Bahar Muradova: "Telekanallar ailə daxilindəki eybəcərliklərin cəmiyyətə sırıdılmasında sanki yarışa çıxıblar"

Cəmiyyət Materials 28 Noyabr 2014 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İlkin İzzət/

"Bu gün televiziyalardakı bəzi tok-şoular məni çox narahat edir. Telekanallar ailə daxilindəki eybəcərliklərin çox açıq şəkildə cəmiyyətə sırıdılmasında sanki bir-biri ilə yarışa çıxıblar". Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, telekanallar problemləri müzakirə edib məsələni onların həllinə yönəltmək əvəzinə, problemlərlə üzləşən ailələrin, insanların cəmiyyətin gözü qarşısında linç edilməsinə çalışırlar: "Ailə daxilində eybəcər münasibətlərin, danışılması mümkün olmayan məsələlərin geniş şəkildə auditoriyaya çıxarılmasına, onun hər bir ailəyə, hər bir evə, o kanala baxan hər bir şəxsin gözü qarşısına gətirilməsinə çalışırlar. Mən həmin telekanalların, aparıcıların mövqeyinə təəccüb edirəm. Onlar sanki aqressiyalarını yönəltməyə obyekt, problem axtarırlar. Nəticədə həmin verilişə gəlmiş insanlar da peşman olurlar və həmin verilişin də məqsədi, məramı aydın olmur".

Vitse-spiker qeyd edib ki, müvafiq dövlət orqanları Azərbaycanda fəaliyyət göstərən telekanallarla, media qurumları ilə birgə tədbirlər planı işləyib hazırlamalı, layihələr həyata keçirməlidir.

O, həmçinin bildirib ki, milli-mənəvi dəyərlər, ailə dəyərləri, bir milləti, xalqı formalaşdıran keyfiyyətlər daimi olmalıdır: "Əgər bu işdə fasilələrə yol verilsə və ya digər təsirlər, təzyiqlər, qloballaşma meyilləri qarşısında geriyə addım atılsa, mütləq aşınmalar olacaq və biz daha çox problemlərdən danışası olacağıq. Bəli, bu gün mənəvi, siyasi, iqtisadi, ümumiyyətlə, çox ciddi təsirlər qarşısındayıq. Bu təsirlərin qarşısında dayanmaq hər bir xalqın müqavimət gücündən asılı olacaq".

B.Muradovanın sözlərinə görə, bu gün xaricdə baş verən proseslərin Azərbaycanda təkrarlanmasında müəyyən məqsəd güdən, kənardan ailə institutuna təsir etməklə Azərbaycanda ziddiyyətlər yaratmağa çalışan insanlar, qruplar, qüvvələr var: "Biz bu təsirlərə qarşı vahid güc kimi çıxmağı bacarmalıyıq və çıxırıq. Ona görə də ailə institutunu qorumaq, mili-mənəvi, dini dəyərləri hüquqi çərçivədə reallaşdırmağın yolunu cəmiyyətə aşılamalıyıq. Biz insanların əməllərinə hüquqi baxımdan qiymət veririk. Ancaq çox zaman Azərbaycanda ictimai qınağın gücü hüquqi məsuliyyətdən daha güclü olur".

Vitse-spiker deyib ki, bu gün qadınlara qarşı zorakılıqdan danışırıq, amma bu zorakılıq çox zaman kişilərin özünə qarşı qayıdır: "Qadınlar bu və ya digər cinayət əməllərinə yol verərək narkotik vasitələrin yayılması, oğurluq və quldurluq hadisələrinin törədilməsinə cəlb olunurlar. Cəmiyyətimiz isə bu və ya digər səhvi, cinayəti kişiyə bağışlayır, qadına bağışlamaq istəmir. Biz bu barədə düşünməliyik ki, qınaq gücümüz necə olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti