...

Sığorta şirkətinin əməkdaşını qətlə yetirən şəxsə hökm oxundu

Cəmiyyət Materials 9 Yanvar 2015 16:41 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sığorta şirkətinin əməkdaşını qətlə yetirən şəxsə hökm oxundu

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Tahirov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il iyulun 11-də Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi rayon Polis İdarəsi və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıb.

Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədi ilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı T.Tahirov saxlanılıb. O, əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib.

Məlum olub ki, T.Tahirov təxminən 1 il əvvəl N.Əliyevanın evində mətbəx mebeli quraşdırıb. O, qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib. İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən T.Tahirov N.Əliyevanın evinə gəlib.

O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub. T.Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxasınca gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib. Bu zaman N.Əliyeva qışqırmağa başlayıb. T.Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib, sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.

Ev sahibəsinin öldüyünü görən T.Tahirov mənzildə axtarış aparıb. O, N.Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun "Həzi Aslanov" stansiyası yaxınlığında zibil qutusuna atıb.

Qeyd edək ki, N.Əliyeva "Qarant Sığorta"nın əməkdaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti