Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/
Bakı Metropoliteni ərazisində yayılan sosial xarakterli fotoreklamların əhatə dairəsi genişləndiriləcək. Bu barədə Trend-in sorğusunu cavablandırarkən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəisinin sözlərinə görə, Bakı Metropoliteni bir sıra sosial xarakterli fotoreklamlar hazırlayaraq onları özünün nəzarətində olan stansiyalarda quraşdırıb: "Bunlardan birincisi - "Yarışa hazırlaşırsan? Unutmayın ki, metro yarış meydançası deyil" şüarlı silsilə fotoreklamlar 5 mövzunu əhatə edir. Bunlar ictimai nəqliyyatda yaşlılara, əlillərə və uşaqlı qadınlara yer verilməsi, eskalatorlarda qaçmağın təhlükəli olması, turniketlərin üstündən tullanma, stansiyalarda təhlükəsizlik qaydalarına əməl edilməsi, metronun zibillənməməsi və qatara minib-düşən sərnişinlərə yol verilməsinə həsr edilib. "Mütaliə zehni zənginləşdirir" devizli sosial reklam isə insanları mütaliə etməyə səsləyir".
N.Paşayev qeyd edib ki, belə fotoreklamların Bakı Metropoliteninin bütün stansiyalarında quraşdırılması nəzərdə tutulub.
Metropoliten sözçüsü bidirib ki, gələcəkdə sosial xarakterli reklamların mövzu dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub: "Məsələn, bunlardan biri metroda sərnişinlərin qulaqcıqlardan istifadə edərək gəzmələri ilə bağlı ola bilər. Əvvəla, qulaqcıqlarla musiqi dinləmək platformalarda sərnişinlərin diqqətini yayındırır. Nəticədə qatarın güzgüsü qulağında qulaqcıq olan sərnişinlərə dəyir. Belə olan halda ya həmin adam yıxılaraq relslərin üstünə düşür, ya da ən azından başından və ya bədənindən xəsarət alır. Vaqonda olarkən isə taqqıltı ucbatından insan musiqini eşitmək üçün onun səsini qaldırmağa məcbur olur. Yüksək tonda musiqi dinləmək isə bir müddət sonra həmin insanın qulaqlarında eşitmə probleminin yaranmasına səbəb olur".