...

Metropolitençilərin talassemiyalı xəstələrə qanvermə aksiyası böyük rezonans doğurub (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2015 17:56 (UTC +04:00)
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində talassemiyalı xəstələrə qanvermə kampaniyası keçirilib.
Metropolitençilərin talassemiyalı xəstələrə qanvermə aksiyası böyük rezonans doğurub (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində talassemiyalı xəstələrə qanvermə kampaniyası keçirilib.

Cəmiyyətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Bakı Metropoliteni" QSC-də talassemiya xəstəliyindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə kampaniyası keçirilib. Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən aksiya kollektivdə böyük rezonans doğurub. Qan bankının əməkdaşları tərəfindən həyata keçirilən aksiyada iştirak etmək istəyən metropolitençilərin say çoxluğu nəzərə alınaraq, kampaniya iki gün müddətində təşkil olunub.

Fevralın 10-da "Bakı Metropoliteni" QSC-nin texnoloji korpusu və idarə aparatı binasında, ayın 11-də isə müəssisənin "Nərimanov" elektrik deposunda təşkil olunan qanvermə aksiyasında 200-dən artıq işçi iştirak edib. Bakı Metropolitenində iki gün davam edən qanvermə aksiyasında toplanmış qan həcmi Mərkəzi Qan Bankına təhvil verilib.

Qeyd edək ki, talassemiya qanın rəng göstəricisi ilə əlaqədar olan irsi xəstəlikdir. Bu xəstəlik zamanı bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq böyümüş olur. Talassemiya uşaqlarda erkən təzahür etdikdə onun fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq müşahidə olunur, tez-tez yoluxucu xəstəliklərə yoluxurlar. Ağır hallarda həyatlarını itirir, orta ağır hallarda isə uşaqlar yetkin yaşına qədər yaşaya bilirlər. Talassemiya müalicə olunmayan xəstəlikdir, yalnız xəstəyə qan köçürməklə onun vəziyyətini yaxşılaşdırmaq mümkündür. Bu cür xəstələrə dövlət səviyyəsində qayğı göstərilir. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" qanunu qəbul etməklə dövlət üzərinə bir sıra vəzifələr götürüb.

Ümumiyyətlə, xəstə uşaqlara yardım göstərilməsi ölkəmizdə ictimai xarakter alıb. 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Talassemiyasız həyat naminə" mövzusunda keçirilmiş dəyirmi masadan sonra bu xəstələrin problemləri diqqət mərkəzinə düşərək, bu kimi aksiyaların keçirilməsi də gözəl bir ənənəyə çevrilib. Talassemiya xəstəliyinin ciddiliyini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının təşkili, ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və qan bankının yaradılması üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 2009-cu il mayın 9-dan fəaliyyət göstərən Talassemiya Mərkəzi inşa edilib. Yeri gəlmişkən, talassemiya xəstəliyi ilə mübarizənin kəskinliyi və əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il fevralın 10-da imzaladığı Sərəncamla bununla əlaqədar növbəti Dövlət Proqramı qəbul edilib. Proqramın preampulasında qeyd olunduğu kimi, Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Buna görə də bu kimi aksiyalar böyük şəfqət kampaniyasına çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti