...

Los Ancelesdə "Narkotiklərə yox deyək!" devizi altında geniş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2015 12:15 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 12 fevral 2015-ci ildə ABŞ-ın Los Anceles şəhərində “Narkotiklərə yox deyək!” devizi altında geniş tədbir keçirilib.
Los Ancelesdə "Narkotiklərə yox deyək!" devizi altında geniş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən 12 fevral 2015-ci ildə ABŞ-ın Los Anceles şəhərində "Narkotiklərə yox deyək!" devizi altında geniş tədbir keçirilib.

Baş Konsulluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan və xarici sənətkarların bu mövzuda hazırladığı rəngkarlıq, karikatura və heykəltəraşlıq əsərlərindən ibarət olan, DGK tərəfindən tərtib edilmiş sərgi tədbirdə nümayiş etdirilib. DGK-nin nümayəndə heyəti bu məqsədlə ABŞ-a səfər edib. Los Ancelesdən öncə oxşar tədbir fevralın 6-da San Fransisko şəhərində keçirilmişdi.

Tanınmış "Qızıl Kürə" mükafatının hər il keçirildiyi məkanda təşkil olunmuş və Azərbaycan rəmzlərinin əks etdirildiyi səhnənin qurulduğu tədbirdə 600-dən çox tamaşaçı, o cümlədən Los Anceles ictimaiyyətinin nüfuzlu nümayəndələri, burada fəaliyyət göstərən bir sıra ölkələrin baş konsulları, müxtəlif qurum və təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan və digər icmaların fəalları iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev narkotik vasitələrin qaçaqmalçılığı və qeyri-qanuni istifadəsinin bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu deyib. Baş konsul, bu problemə qarşı mübarizəyə Azərbaycan rəhbərliyi tərəfindən xüsusi diqqət verildiyini və bunun sayəsində önəmli nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Diplomat, tədbirin əsas məqsədinin narkotik vasitələrin mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq və bütün insanlığa qarşı olan bu fəlakətlə mübarizədə beynəlxalq əməkdaşlığın önəmini bir daha vurğulamaq olduğunu bildirib.

AR Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyev Azərbaycan gömrükçülərinin həyata keçirdiyi fəaliyyətlər və əldə etdikləri uğurlar barədə geniş məruzə ilə çıxış edib. Q.Əliyev narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu qeyd edərək, buna görə də, bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Natiq, həmçinin, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə DGK-nin "Narkotiklərə yox deyək" mövzusunda müxtəlif ölkələrdə keçirdiyi sərgilərdən bəhs edib.

Sonra ABŞ-ın narkotiklərə qarşı mübarizə üzrə ən tanınmış təşkilatı olan D.A.R.E.-in (Drug Abuse Resistance Education) prezidenti Frank Pequeros və Los Anceles Vilayətinin Nəzarətçilər Şurasının təmsilçisi Lurdes Saab çıxış ediblər. Natiqlər xüsusilə gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin keçirilməsinin vacibliyini, bu istiqamətdə Azərbaycanın beynəlxalq səviyyədə apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq hal olduğunu vurğulayıblar.

Daha sonra Los Anceles şəhərinin meri Erik Qarsetti tərəfindən imzalanmış bəyannamə təqdim olunub. Bəyənnamədə 12 fevral tarixinin Los Anceles şəhərində "Beynəlxalq Narkotiklərə Yox Deyək Günü" elan olunduğu bildirilir. Bəyannamədə Azərbaycanın narkotik vasitələrin qaçaqmalçılığına və qeyri-qanuni istifadəsinə qarşı apardığı mübarizə təqdir olunur.

İki hissədən ibarət olan tədbir konsert ilə davam edib. Azərbaycanın tanınmış incəsənət ustaları tərəfindən milli musiqimizin gözəl nümunələri səsləndirilib. Bu səpkidə bəstəkar Vüqar Camalzadənin müşaiyətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistləri xalq artisti Samir Cəfərovun və əməkdar artist Afaq Abbasovanın, həmçinin, populyar müğənni Ayaz Qasımovun çıxışları sürəkli alqışlarla qarşılanıb. Həmçinin, San Dieqo Baletinin sənətkarlarının Qara Qarayevin "Yeddi Gözəl" baletindən ifa etdikləri səhnə böyük marağa səbəb olub.

Konsertdən sonra qonaqlar "Narkotiklərə yox deyək" sərgisi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti