Azərbaycan, Bakı, 2 mart /Trend/
Cari ilin fevral ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142 - Çağrı mərkəzi"nə 7903 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 7216-sı, yəni 91,3 faizi ƏƏSMN-in fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub və nazirliyin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Qalan 687 müraciətdə isə ayrı-ayrı vətəndaşların bu və ya digər hüquqlarının müəyyən edilməsi məsələləri, təklif və şikayətləri əksini tapıb və onlar araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.
Ümumilikdə, son bir ayda "142 - Çağrı mərkəzi"nə daxil olan 7903 müraciətin 43,0%-i sosial təminat, 24,97%-i əmək qanunvericiliyi, 13,32%-i nazirliyin elektron xidmətləri, 11,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,41%-i məşğulluq və istifadə məsələləri ilə bağlı olub.
ƏƏSMN tərəfindən vətəndaşların müraciətlərinin operativ və obyektiv, qanunvericiliyin tələblərinə uyğun formada cavablandırılması təmin edilib.