Azərbaycan, Bakı, 16 mart /Trend/
Məlum olduğu kimi, 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu"na (Yaşıl Marafon) start verilib.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.
Marafonun ilk mərhələsi (payız əkin mövsümü - 2014-cü ilin noyabr ayında) ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və Azərbaycan Respublikasının 76 rayon və şəhər icra hakimiyyətləri, özəl sektor nümayəndələri və vətəndaşların iştirakı ilə qısa müddət ərzində ölkə ərazisində 800 minə yaxın ağac əkilib.
IDEA İctimai Birliyi yaz əkin mövsümünün gəlişi ilə əlaqədar, "Ümumrespublika Yaşıllaşdırma Marafonun" ikinci mərhələsinə başlandığını elan edir və bütün maraqlı təşkilatları bu layihədə iştirak etməyə dəvət edir.
Marafonun gedişi IDEA İctimai Birliyinin internet səhifəsində (http://ideacampaign.org/green_marathone/) mütəmadi olaraq işıqlandırılmaqda davam edəcək və müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar həmin internet səhifəsində yerləşdiriləcəkdir.
"Ümumrespublika Yaşıllaşdırma Marafonu"nun bu ilin may ayının əvvəlində başa çatması planlaşdırılır.