...

Səlim Müslümov: "Ötən il sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz çox vəsait yönəldilib" (FOTO)

Cəmiyyət Materials 19 Mart 2015 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramının xalqımızın əsrlər boyu qoruyub saxladığı bir bayram olduğunu vurğulayıb: "Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramına, onun Azərbaycan xalqı tərəfindən daim yüksək əhval-ruhiyyə ilə keçirilməsinə, ümumiyyətlə, milli-mənəvi dəyərlərə xüsusi önəm verirdi. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi dövrünü yaşayan ölkəmizin milli-mənəvi dəyərlər sistemi də inkişaf etdirilməklə dünyaya uğurla təqdim olunur".

Nazir ölkəmizdə sosial rifah halının mütəmadi olaraq yüksəlməsinin Novruz bayramının da ilbəil daha fərəhli, nikbin duyğularla keçirilməsinə səbəb olduğunu bildirib.

2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldildiyini qeyd edən S.Müslümov ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunduğunu diqqətə çatdırıb: "Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib".

Nazir əhaliyə sosial təminat sistemindən müasir üsullarla, şəffaf və rahat istifadə imkanlarının yaradılması üçün mütərəqqi dünya təcrübəsi əsasında aparılan islahatlara toxunub, bu istiqamətdə tədbirlərin davam etdiriləcəyinin vurğulayıb: "Yalnız son 20 gündə cənab Prezident tərəfindən ƏƏSMN-in fəaliyyət sahələri ilə bağlı iki Fərman və bir Sərəncam imzalanıb. Bu sənədlər ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması, ünvanlı yardımların təyinat müddətinin iki ilədək uzadılması, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılmasını nəzərdə tutur. Təbii ki, imzalanan bu sənədlər əmək və sosial müdafiə sisteminin təkmilləşməsinə yönəlməklə, eyni zamanda, ƏƏSMN-in kollektivinə inam və etimaddan xəbər verir. Biz də daim çalışacağıq ki, möhtərəm dövlət başçısı tərəfindən qarşımızda qoyulan bütün vəzifələri bu yüksək inam və etimada layiq səviyyədə, uğurla icra edək".

S.Müslümov nazirliyin bütün kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, əməkdaşlara xoş arzularını ifadə edib.

Nazir 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən fəxri adlarla təltif olunan qadınlar arasında ƏƏSMN-in Müharibə və əmək əlilləri pansionatının direktoru Qətibə Əsədovanın da olduğunu bildirib. O, bu münasibətlə Q.Əsədovanı nazirliyin kollektivi adından təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbir Qədim Musiqi Alətləri Dövlət Ansamblının müşayiəti ilə respublikanın Əməkdar artisti, xanəndə Teyyub Aslanovun və III Respublika muğam müsabiqəsinin qaliblərindən biri olan Zabitə Əliyevanın ifasında konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti