...

"Sürücülük vəsiqəsi yadımdan çıxıb, olan şeydi" (VİDEO)

Cəmiyyət Materials 30 Mart 2015 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər həyata keçirib.

Trend-in Region TV-ə istinadən verdiyi məlumata görə, bayram günlərində rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsi bir sıra müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu amili nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər həyata keçirib. Şəki və Zaqatala rayonlarında baş tutan belə reydlər zamanı qayda pozuntusuna yol verən sürücülər cəzalandırılıb.

Şəkidə keçirilən reyd zamanı bir sıra maraqlı faktlar qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin də iştirak etdiyi reyddə qayda pozan sürücülər saxlanılıb və onlara qarşı protokol tərtib olunub. Sənədləri qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.

Saxlanılan sürücü: "Sürücülük vəsiqəsini üstümdə götürməmişəm, yadımdan çıxıb, olan şeydi. İnşallah, bir də olmaz"

Bəzi sürücülər tərtib olunan protokollara qarşı etirazlarını bildiriblər.

Gün ərzində ümumilkdə 60 sürücü texniki baxış, sığorta, yükdaşıma və bu kimi qayda pozuntularına görə cərimə olunub.

Oxşar reydlər Zaqatalada da keçirib. Reyd zamanı 50-dən yuxarı sürücü cərimə olunub. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilin texniki baxışdan keçirilməməsi kimi faktlar əsasında tərtib edilib.

Polisdən verilən məlumata görə, belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti