...

Azərbaycan turistləri üçün xarici ölkələrdə qiymət güzəştləri ola bilərmi?

Cəmiyyət Materials 3 Aprel 2015 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın getmə turizm bazarında axının az olduğu, vətəndaşlar üçün turizm xidmətlərinin qiymətlərinin bahalaşması müşahidə edilərsə, Azərbaycan Turizm Assosiasiyası (AzTA) turistlərimizin ən çox səfər etdiyi ölkə olan Türkiyədə xüsusi endirimlərin edilməsi məqsədi ilə həmin ölkənin müvafiq qurumlarına müraciət edəcək.

Bunu Trend-ə AzTA sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, manatın devalvasiyasının Azərbaycan turizminə təsiri çox az olub: "Manatın devalvasiyasına baxmayaraq, artıq fevrala qədər olan qiymətlərlə bu günə olan qiymətlər arasında müəyyən fərq var, bir sıra endirimlər edilib. Bu gün Azərbaycanda Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən əsas turoperatorlardan biri tur paketlər üçün artıq müəyyən endirimlər edib. Amma əgər görsək ki, bazara axın azalıb, vətəndaşlar üçün qiymətlər artıqdır, onda endirimlərin edilməsi üçün Türkiyə tərəfinə müraciət edəcəyik. Türkiyə qardaş ölkədir, yəqin ki, müəyyən addımlar atılacaq. Amma hazırda buna ehtiyac yoxdur".

Azərbaycanda getmə turizmlə bağlı hazırkı qiymətləri normal sayan N.Bağırov deyib ki, hələlik heç bir ölkəyə Azərbaycandan gedən turistlərə görə xüsusi endirimlərin edilməsi ilə bağlı təkliflərin verilməsinə ehtiyac yoxdur: "Getmə turizmi ilə məşğul olan yerli turizm şirkətləri də hələlik turistlərin say azlığı ilə bağlı şikayətlər etməyib. Nə vaxt görsək ki, durğunluq var, onda bir tədbir görəcəyik, normal qiymətlər tətbiq olunacaq".

N.Bağırov deyib ki, Azərbaycan tərəfinə hər hansı başqa ölkədən xarici turistlərə görə müəyyən güzəştlərin edilməsi ilə bağlı müraciət daxil olmayıb.

Assosiasiya sədrinin sözlərinə görə, yay dövründə Azərbaycandan kənara səyahət etmək istəyən turistlər üçün prioritet ölkələr sırasında ilk yeri yenə də Türkiyə tutacaq. Azərbaycan turistləri üçün Türkiyədən sonra prioritet ölkələr Avropa məkanı olacaq.

N.Bağırovun fikrincə, bu il yeni istiqamətlər üzrə - Bakıdan İspanıyanın Barselona şəhərinə birbaşa uşuçlar olduğundan yay dövrü ərzində İspanıyaya turlar da çox olacaq.

Qeyd edək ki, artıq Rusiya Türkiyəyə yay dövründə istirahətə getmək istəyən turistlərinə görə həmin ölkə tərəfindən turoperatorlar üçün xüsusi güzəştlərin edilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti