...

Texas Universiteti Azərbaycanı öyrənir (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2015 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Aprelin 6-da Texas A&M Beynəlxalq Universiteti (TAMIU) ilə Azərbaycanın Dostları Assambleyası (AFAZ) arasında əməkdaşlıq haqqında razılaşma imzalanmışdır.

AFAZ-dan Trend-ə bildiriblər ki, imzalanma mərasimində TAMIU-nun rektoru Dr. Ray Keck, AFAZ sədri Dr. Kamal Öksüz, konqressmen Henry Cuellar, TAMIU-nun akademik işlər üzrə prorektoru Dr. Pablo Arenaz iştirak etmişlər. Görüş iştirakçıları razılaşmanı universitetin tələbə və professor-müəllim heyətinə Azərbaycanla birgə innovativ tədqiqatlar aparmağa imkan verən tarixi sənəd kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, mərkəzi Hyustonda yerləşən Azərbaycanın Dostları Assambleyası (AFAZ) ABŞ və Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, amerikalıları ABŞ-Azərbaycan münaisbətəri və Amerikada yaşayan azərbaycanlılar haqqında məlumatlandırmaq məqsədilə təsis olunmuşdur.

Assambleya Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri barədə informasiyanı, ümumiyyətlə Azərbaycan həqiqətlərini ABŞ-ın elmi dairələrində yaymağı özünün əsas fəaliyyət istiqamətlərindən hesab edir və bu məqsədinə çatmaq üçün Amerika universitetləri ilə əməkdaşlıq layihəsi işləyib hazırlamışdır. Layihədə Amerika gənclərinin Azərbaycan haqqında daha dolğun məlumatlandırılması və bununla da Birləşmiş Ştatlarda Azərbaycana daha çox dostlar qazandırılması qarşıda duran mühüm məsələlərdən biri kimi nəzərdə tutulur. TAMIU ilə əməkdaşlıq da həmin layihənin tərkib hissəsi kimi həyata keçiriləcək. AFAZ-ın sədri Kamal Öksüz Texas universiteti ilə əməkdaşlıq haqqında anlaşmanın əldə olunmasına verdiyi dəstəyə görə konqressmen Henry Cuellara təşəkkürünü bildirmiş, bu cür təşəbbüslərin digər ştatlarda da həyata keçirildiyini və TAMIU-nun Texasda bu layihəyə qoşulan ilk universitet olduğunu bildirmişdir. Dr. Ray Keck bildirmişdir ki, razılaşmaya əsasən bu yaydan etibarən tələbələrin Azərbaycan haqqında geniş biliklər əldə etmələri üçün tədbirlər hazırlanmışdır. TAMIU iyulda ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və SOCAR tərəfindən təşkil olunan Bakı Yay Enerji Məktəbinin iki həftəlik sertifikat proqramında iştirak etmək üçün tələbələr seçəcək. Görüşdə qeyd olunmuşdur ki, bu məktəb qlobal enerji və ətraf mühit məsələlərini daha yaxşı öyrənmək və praktikada tətbiq etmək məqsədilə tanınmış alimləri, universitet müəllimlərini, siyasətçiləri bir araya gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti