...

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Cəmiyyət Materials 9 Aprel 2015 15:53 (UTC +04:00)
18 aprel tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim təşkil olunacaq.
Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq

Azərbaycan, Bakı, 9 aprel /Trend/

18 aprel tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim təşkil olunacaq.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, hər il 22 aprel tarixində bütün dünyada qeyd olunan "Yer günü" ərəfəsində keçirilən təlim Yer kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, eləcə də su və enerji kimi vacib amillərə qənaət edilməsinə həsr olunacaq.

Laboratoriya zamanı planetimizin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunacaq. "Kiçik ekoloqlar"a, həmçinin ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcək.

Bundan əlavə, uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, suyun təmizliyinin yoxlanması prosesində və Günəş işığı ilə işləyən kiçik robotların təcrübədən keçirilməsində iştirak etmək imkanı əldə edəcəklər.

Aprel laboratoriyası uşaqlara ətraf mühitin qorunmasının və onun gələcək nəsillərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, 18 aprel tarixində keçiriləcək "Eko Laboratoriya" IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca dördüncü təlimdir. Əvvəlki laboratoriya təlimləri iqlim dəyişikliyi və qlobal istiləşmə (yanvar ayında), heyvanlar aləmi (fevral) və təbiətin oyanması (mart) mövzularına həsr olunmuşdu.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti