Azərbaycan, Bakı, 10 aprel /Trend/
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (ADYQSC) İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
ADYQSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Stadler Rail" şirkətlər qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin (nümayəndə heyətinin üzvləri layihənin koordinatoru Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr) bu görüşü qurumun yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyır.
ADYQSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Sonra "Stadler Rail" şirkətlər qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin vaqonunun alınması, 18 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ılə təməli qoyulan "Stadler" Gəncə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub.
"Stadler Rail" şirkətlər qrupunun baş direktoru P.Şpuler çıxış edərək ADYQSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan məmnun qaldıqlarinı bildirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və əməkdaşlıq məsələləri ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.