...

MTN-in Hərbi Hospitalında torakal cərrahiyyə üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib (VİDEO)

Cəmiyyət Materials 17 Aprel 2015 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Hospitalında torakal cərrahiyyə üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib. Tanınmış xarici mütəxəssislərin də iştirak etdiyi konfransda mövzuya aid məruzələr dinlənilib.

MTN-in İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, konfransın əhəmiyyətini vurğulayan Milli Təhlükəsizlik Nazirliyi Hərbi Hospitalının rəisi Rüfət Əliyev belə tədbirlərin keçirilməsinin tibb sahəsində gənc kadrların bu sahəni daha dərindən mənimsəməsi istiqamətində böyük rola malik olduğunu qeyd edib. Hospital rəisi dövlət tərəfindən respublikanın səhiyyə sahəsində həyata keçirilən islahatlar, insan sağlamlığın qorunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait yaradılıb. Dövlət başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər. Bütün bunlar Vətənimizin gündən-günə artan beynəlxalq imicinin göstəricisidir.

Çıxış edən digər yerli və xarici mütəxəssislər də Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalının təşəbbüsü ilə bu müasir səhiyyə ocağında keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Tədbirdə torakal cərrahiyyədə baş verən yeniliklər, əldə edilən nailiyyətlər haqqında verilən məlumatların gənc nəsil cərrahların təcrübəsinə yaxşı təsir edəcəyi və Azərbaycanda torakal cərrahiyyənin inkişafına böyük töhvə verəcəyi qeyd edilib. Bu cərrahiyyə növü haqqında danışılarkən bildirilib ki, torakal cərrahiyyə döş qəfəsi orqanlarında aparılan əməliyyatlardır. Belə əməliyyatlar həm açıq, həm də endoskopik şəkildə aparılır.

Məruzələrdə torakal cərrahiyyəyə aid ağciyərlər, plevra, orta divar aralığı, döş sümüyü və döş divarında cərrahiyyədə əldə olunan nailiyyətlərdən bəhs olunub. Türkiyə, Fransa, Rusiya, İtaliya və Belarusdan konfransa qatılan dünyanın aparıcı həkim-mütəxəssisləri və azərbaycanlı torakal cərrahlar müxtəlif təqdimatlarla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti