...

Macarıstanın baş nazirinin xanımı Aniko Levai Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 1 May 2015 14:22 (UTC +04:00)
Macarıstanın baş naziri Viktor Orbanın xanımı Aniko Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olacaq.
Macarıstanın baş nazirinin xanımı Aniko Levai Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 1 may /Trend/

Macarıstanın baş naziri Viktor Orbanın xanımı Aniko Levai mayın birinci ongünlüyündə Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Macarıstandakı səfirliyndən Trend-ə verilən məlumata görə, ilk dəfə baş tutan səfər tanışlıq xarakteri daşıyır. Xanım Levainin redaktorluğu ilə artıq bir neçə ildir ki, Budapeştdə "Macar mətbəxi" ("Magyar konyha") adlı populyar jurnal nəşr edilir. Hər sayı maraqla qarşılanan bu nəşr oxucularını təkcə macar deyil, həm də ayrı-ayrı dünya ölkələrinin kulinariya mədəniyyəti ilə də yaxından tanış edir. Bu baxımdan ölkəmizə səfərin məqsədlərindən biri də jurnalın son illərdə özünəməxsusluğu, çoxçeşidliliyi və zənginliyi ilə tanınan Azərbaycan mətbəxinə dair xüsusi sayının hazırlanması ilə bağlıdır.

Azərbaycanda olduğu günlərdə xanım Aniko Levainin Naxçıvana, Gəncə və Qəbələyə səfərləri, habelə Heydər Əliyev Fondunu ziyarəti planlaşdırılır.

Səfir Vilayət Quliyevlə görüş zamanı xanım Levai son illər Azərbaycanla Macarıstan arasında geniş vüsət alan əlaqələrin, habelə Azərbaycan mədəniyyətinə, mətbəxinə, ölkəmizin turizm imkanlarına böyük marağın səbirsizliklə gözlədiyi bu səfərin baş tutmasına zəmin yaratdığını xüsusi vurğulayıb.

Baş nazirin xanımı Azərbaycanın Macarıstandakı səfirliyinin və "Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin" birgə səyi ilə macar dilində çap olunan üç cildlik "Azərbaycan nağılları" kitabını da yüksək qiymətləndirib və onu gənc həmvətənlərinin ehtiyac duyduğu "Mənəvi qida" kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti