...

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru BDU-nun Fəxri doktoru olub (FOTO)

Cəmiyyət Materials 25 May 2015 15:03 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Bakı Dövlət Universitetinin (BDU) Fəxri doktoru olub.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru BDU-nun Fəxri doktoru olub (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Bakı Dövlət Universitetinin (BDU) Fəxri doktoru olub. BDU-da Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) Baş direktoru José Gratsiano da Silvaya BDU-nun Fəxri doktoru adı verilməsi münasibəti ilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov təhsilin və elmin inkişafında, müasir dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olan José Gratsiano da Silvanın bütün dünyada, o cümlədən Azərbaycanda yaxşı tanınan böyük şəxsiyyət, görkəmli siyasətçi olduğunu bildirib.

Qonaq haqqında məlumat verən rektor qeyd edib ki, 1949-cu ilin noyabrında Braziliyada anadan olan Jose Gratsiano da Silva bir müddət Braziliyanın Campinas Dövlət Universitetində dərs deyib və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik edib. O, 30 ildən artıq bir müddətdə ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışıb.

2001-ci ildə Braziliyanın "Sıfır Aclıq" (Fome Zero) proqramını hazırlayan komandaya rəhbərlik edib. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olub. Gratsiano da Silva 26 iyun 2011-ci ildə Təşkilatın 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransında FAO-nun Baş direktoru seçilib və 2012-ci ildə Baş Direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik edib. Bu islahatlar FAO-nun fəaliyyətini özünün institusional potensialının güclənməsinə, mülki cəmiyyətlə, özəl sektorla və elmi müəssisələrlə əməkdaşlıq əlaqələrin möhkəmlənməsinə yönəlməsi və pul vəsaitinə ən yaxşı dəyər verilməsi ilə nəticələnib.

Sonra rektor qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, tələbələrin uğur və nailiyyətləri barədə məlumat verib. Azərbaycan xalqı, dünya elmi və mədəniyyəti qarşısında, habelə xalqlar arasında dostluq, beynəlxalq əlaqələr, insan haqları, demokratiyanın inkişafı sahəsində böyük xidmətlər göstərmiş bir sıra tarixi şəxsiyyətlərin Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görüldüyünü vurğulayan rektor Abel Məhərrəmov BDU Elmi Şurasının 23 may 2015-ci il tarixli iclasının qərarını elan edib. Məlum olub ki, "elmin və təhsilin inkişafında böyük roluna, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənləndirilməsində, dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində əvəzsiz xidmətlərinə görə" Jose Qratsiano da Silva Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülür. Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra ali qonaq Jose Qratsiano da Silva çıxış edərək Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib və bu ada layiq görüldüyü üçün universitetin Elmi Şurasına və rəhbərliyə öz təşəkkürünü bildirib.
Sonda ali qonaq tələbə və müəllimlərin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti