...

Təhsil Problemləri İnstitutunun keçmiş direktoru dünyasını dəyişib

Cəmiyyət Materials 30 May 2015 14:09 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun keçmiş direktoru Abdulla Mehrabov dünyasını dəyişib.
Təhsil Problemləri İnstitutunun keçmiş direktoru dünyasını dəyişib

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun keçmiş direktoru Abdulla Mehrabov dünyasını dəyişib.

Trend-in məlumatına görə, A.Mehrabov 1938-ci il mayın 1-də Gürcüstanın Bolnisi rayonunun Saraclı kəndində anadan olub. Natamam orta təhsilini bu kənddə, tam orta təhsilini Arxılıda alıb.

1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedaqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə elmi staj keçmək məqsədilə Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunun "İstilik fizikası" kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi tədqiqat işləri aparıb.

1964-1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında "Bərk cisimlər fizikası" ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb.

Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. Rus dilində çap olunmuş "Mürəkkəb həndəsi formalı sistemlərdə istiliyin ötürülməsi" monoqrafiyası elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.

A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini vəzifəsində işləyib. 2001-2013-cü illərdə Azərbaycan Təhsil Problemləri İnstitutuna rəhbərlik edib.

Professor A.Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti