Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası müvafiq qurumlar qarşısında qurumun elmi işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsini qaldıracaq. Bunu Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Akademiya prezidentinin sözlərinə görə, bu məsələnin müsbət həll ediləcəyi gözlənilir: "Güman edirəm ki, müvafiq qurumlar buna müsbət fikir söyləyəcək. Dövlət qulluqçusu statusunun verilməsinin elmi işçilərə əlbəttə ki, xeyri olacaq və bu, onlara stimul verəcək".
A.Əlizadə qeyd edib ki, dövlət qulluqçusu statusu aldıqdan sonra elmi işçilər bəzi imtiyazlara da sahib ola biləcəklər: "Dövlət qulluqçusu statusunu əldə edən şəxslərə dövlət tərəfindən bəzi imtiyazlar verillir. Əgər elmi işçilər dövlət qulluqçusuna bərabər tutulacaqsa, bu, bizim yaşlaşmış alimlərimizin təqaüdlərinin artmasına da imkan verəcək".
A.Əlizadə deyib ki, dövlət qulluqçusu statusunun bütün elmi işçilərə şamil edilməsi təklif edilir.