...

Metropolitençilərin sağlamlıq və istirahət yeri (FOTO)

Cəmiyyət Materials 8 İyun 2015 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni" QSC-nin yenidən qurulmuş "Bilgəh" Sağlamlıq Mərkəzinin açılışı olub.

Trend xəbər verir ki, Bakı Metropoliteninin Bilgəh qəsəbəsində yerləşən 40 ildən artıq fəaliyyət göstərən Sağlamlıq Mərkəzi (sanatoriya-profilaktoriya və istirahət mərkəzi) yeni mövsümdə metropolitençiləri tam fərqli sima ilə qarşılayır.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 40 ildən artıq fəaliyyətdə olan köhnə birmərtəbəli evciklərin ləğv olunması və kottec tipli müasir çoxmərtəbəli evlərə çevrilməsi üzrə işlərin davamı kimi bu dəfə 5 yeni bina inşa olunub: "Onlardan 3-ü dörd (mansard nəzərə alınmaqla), 2-si ikimərtəbəlidir. İstirahət mərkəzində daha 10 ikimərtəbəli və 5 birmərtəbəli evlər var".

Yeni binalar sayəsində, ötən illə müqayisədə, əlavə 32 ailə olmaqla, hər biri 4 nəfərdən artıq olmamaq şərtilə, cəmi 75 ailə bu yay mövsümünün 2 həftəsini burada səmərəli şəkildə keçirə biləcək.

Bütün yeni kotteclər ən müasir məişət, mətbəx və s. avadanlıqlar, mebellərlə təchiz olunub. Digər kotteclər isə vəziyyətinə uyğun olaraq, müvafiq əsaslı və cari təmir olunaraq, lazım olan bütün yeni avadanlıqlarla təchiz edilib. Bu il bütün mənzillər kondisionerləşdirilib və isti su ilə təchiz olunub. İstirahət mərkəzinin qiymətləri də işçilərin maraqları nəzərə alınaraq münasibdir. Burada metropoliten işçisi 50 manat ödəyərək evləri 14 gün müddətinə kirayə edir. Bundan əlavə, 100 manat depozit qoyaraq istirahət müddəti başa çatdıqdan sonra onu geri alır.

Bir istirahətin müddəti 20 gün olan sanatoriya-profilaktoriya isə işçilərə pulsuzdur. Ümumiyyətlə, hər gedişi 90 nəfər olmaqla, dekabr ayına qədər davam edəcək mövsüm boyunca sanatoriyada 850 nəfər dincələ biləcək. Onun müalicəvi xüsusiyyətləri, həmçinin burada sağlamlıq kursu keçənlərin maraqları nəzərə alınaraq, sanatoriyaya 6 yaşdan aşağı uşaqla yollayış almağa icazə verilmir".

Sağlamlıq Mərkəzinin baş həkimi Naidə Hüseynova deyib ki, mərkəzin xidmətindən hazırda Bakı Metropolitenində işləyənlərlə yanaşı, veteran metropolitençilər və onların ailə üzvləri də istifadə edə bilirlər: "Müalicə üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, Naftalan və parafin müalicəsindən, inhalayasiyanın bütün növlərindən, impulsiv masaj, müalicəvi idmandan, ultrasəs müayinəsindən və su ilə müalicədən istifadə olunur. Bu məqsədlə əsas avadanlıqlar tam yenilənərək, ABŞ, İlaiya və Çexiya istehsalı olan ən müasir tibbi cihaz və avadanlıqlar alınıb".

Onun sözlərinə görə, sanatoriyada dincələnlərin, müalicə kursu keçənlərin qidalanması da tam yeni əsaslarla təşkil edilir. Müalicə prinsipləri də nəzərə alınaraq, yeməklərin tərkibi, kalori tutumu balanslaşdırılır, müvafiq energetik normalar tətbiq edilib. Bunu təmin etmək üçün sahə ilə məşğul olan peşəkar qida müəssisələrindən biri ilə müqavilə imzalanıb. Ərazidə yeni iri park salınıb, sensorlu fəvvarə qurulub. Parkda uşaqların rahat dincəlməsi məqsədilə qum sahələri, əyləncə qurğuları qoyulub. Böyüklərin rahat daldalanması və istirahəti üçün köşklər, skamyalar, oturacaqlar quraşdırılıb. Asudə vaxtın səmərəli və maraqlı təşkili məqsədilə yeni süni örtüklü universal (mini-futbol və voleybol), tennis və şahmat meydançaları da inşa olunub.

İstirahət zonasında çayxana, ərzaq mağazası, maşın dayanacağının da fəaliyyət göstərir. Bütün ərazi mühafizə xidməti tərəfindən mühafizə olunur.

Sanatoriyada yeni qazanxanının quraşdırılması mövsüm boyu isti suya olan tələbatı tam ödəyəcəkdir. Yeni elektrik yarımstansiyası isə bu sahədə mümkün problemləri də tam istisna edir. Yeni kanalizasiya xəttinin çəkilməsi və onun mərkəzi kollektora qoşulması ilə sağlamlıq mərkəzinin daha bir problemi də aradan qaldırılıb.

Ərazidə yeni yanğından mühafizə hovuzu inşa olunmaqla, bu sistem tam yenilənib. Müvafiq kommunal təsərrüfat təşkilatı ilə müqavilə bağlanaraq, gün ərzində iki dəfə ərazidən məişət tullantılarının daşınması təşkil edilir. Sanitar-epidemioloji mərkəzlə bağlanmış müqaviləyə əsasən, hər 10 gündən bir ərazidə müvafiq dezinfeksiya tədbirləri görüləcək.

Qeyd edək ki, Mərkəz internet və Wi-Fi , habelə kabel televiziyası ilə təmin edilib.

Ən böyük yeniliklərdən biri isə artıq "Bilgəh"də dincələn metropolitençilərin özlərinin çiməyrliyinin olmasıdır. Sabunçu rayonu İcra Hakimiyyətindən götürülmüş mövsümlük çimərlikdə artıq çəpərlənmə işi aparılır. Ərazidə müvafiq abadlıq işləri ilə yanaşı, avadanlıq və ləvazimatlarla təchiz olunacaq, modul tipli məişət, soyunub-geyinmə və s. otaqlar quraşdırılacaq. Mühafizə məntəqəsi təşkil olunaraq metropolitençilərin rahat istirahəti təmin ediləcək. Hər gün səhər 9:00-dan axşam 20:00-a qədər burada hər saatbaşı avtobus hərəkət edəcək və sağlamlıq mərkəzinin sakinlərini çimərliyə aparıb geri daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti