Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İlkin İzzət/
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunmuş toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan toplantıda Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək cari ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsində hərbi qulluqçular bu gün müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar.
Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Tibb hərbi hissə və müəssisələrin rəhbərləri qış tədris dövründə görülən işlər haqqında, eləcə də tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları barədə məruzə ediblər.
Sonda 2015-ci ilin ikinci yarısı üçün tapşırıqlar dəqiqləşdirilib, xidmətdə fərqlənən hərbi qulluqçular təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.