Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
İyulun 24-də Baş prokuror Zakir Qaralov İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, Füzuli və Laçın rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı bölgədə yaşayan 23 vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.