Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) apardığı son əməliyyatlar həmin ölkəyə gedən azərbaycanlı turistlərin təhlükəsizliyi üçün heç bir problem yaratmır. Azərbaycanlı turistlər həmin ölkəyə səfərlərini yenə də davam etdirə bilərlər.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, hərbi hadisələr Türkiyəyə gedən Azərbaycan turistlərinin sayının azalmasına səbəb olmayacaq: "Turistlər 1-2 ay əvvəldən turizm planlarını həyata keçirir, bilet, tur-paket alırlar. Onlar indi səfərlərini edirlər. Türkiyədəki son hərbi proseslər Azərbaycan-Türkiyə turizm əməkdaşlığına ciddi xələl gətirmir".
Oxşar hadisələrin vaxtilə Misir, Tailand, Malayziya, Yuqoslaviyada da olduğunu xatırladan M.Ağakərimovun sözlərinə görə, Azərbaycan turistləri Türkiyənin daha çox Bodrum, Quşadası, Antalya, İstanbul və digər turizm bölgələrinə səfər edirlər. Həmin bölgələrdə hazırda sabitlikdir.
Xatırladaq ki, iyulun 25-də Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Kürd Fəhlə Partiyasının (PKK) düşərgəsinə aviazərbələr endirib. İyulun 28-dən isə PKK ilə mübarizə tədbirləri Türkiyənin daxilində aparılır.