...

Valyuta bazarında dollar satışı ilə bağlı son vəziyyət - REPORTAJ

Cəmiyyət Materials 24 Avqust 2015 16:05 (UTC +04:00)
Bakıda valyutadəyişmə məntəqələrinin bir çoxunda dolların satışı əvvəlki qaydada davam etdirilir.
Valyuta bazarında dollar satışı ilə bağlı son vəziyyət - REPORTAJ

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda valyutadəyişmə məntəqələrinin bir çoxunda dolların satışı əvvəlki qaydada davam etdirilir.

Trend-in əməkdaşı bir neçə valyutadəyişmə məntəqələrində monitorinq aparıb. Valyuta dəyişmə məntəqələrinin birinin əməkdaşı Trend-ə bildirib ki, dollar qıtlığı ilə bağlı insanlar arasında yaranan panika həqiqəti əks etdirmir: "Biz əvvəlki məbləğdə banklardan dollar alıb vətəndaşlara satırıq və bu gün də eyni qaydada satışı davam etdirmişik. Yəni, banklardan dollar almağımızda elə bir çətinlik olmayıb. Əvvəl həm bankdan dollar alırdıq, həm də insanlar dolları manata dəyişirdi. Bəzən bankdan aldığımız dolların hamısını günün sonuna qədər sata bilmirdik. İndi isə insanlar yenidən panikaya düşüb. Hamı dollar almağa qaçır. 300-500 manatı olan da dollar alır. Ona görə tələbat xeyli artıb. Amma demək olmaz ki, dollar yoxdur. Əvvəlki qaydada dollar var. Sadəcə, insanlar indi çox aldığı üçün bəzən çatdırmaq olmur".

Digər valyutadəyişmə məntəqəsinin əməkdaşı isə hesab edir ki, panika müvəqqətidir: "Bir azdan insanlar aldıqları dolları yenidən manata dəyişəcəklər. Bir müddət öncə də dollarla bağlı yaşanan panikadan sonra eyni vəziyyət müşahidə olundu. İnsanlar alıb evə qoyduqları dolları yenidən manata dəyişməyə başladı. Birinin min manatı var, tez gəlib onu dollara dəyişir. Sabah isə xərcləmək üçün manat lazım olur və gəlib dolları yenidən manata dəyişir".

Başqa bir valyutadəyişmə məntəqəsinin əməkdaşı da yaranan panikada vətəndaşların özlərini günahlandırır: "Günah özümüzdədir. Bir xəbər eşidən kimi hamı üz tutur valyutadəyişmə məntəqələrinə və beləliklə, panika yaranır. Hər kəs səbrlə hərəkət etsə, belə panika yaratmasa, dollar satışında da problem yaranmaz".

Qeyd edək ki, valyutadəyişmə məntəqələrinin əməkdaşları Mərkəzi Bankın qoyduğu dərəcələrdən kənara çıxmadıqlarını da bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti