...

Azərbaycanda müəllimləri daha bir sınaq gözləyir

Cəmiyyət Materials 7 Sentyabr 2015 14:29 (UTC +04:00)
Azərbaycanda 2016-cı ildən tətbiqi ediləcək məktəbəqədər və ümumi təhsil sahəsi üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması üçün artıq Təhsil Nazirliyində işçi qrup yaradılıb, ilkin sənədlər hazırlanıb.
Azərbaycanda müəllimləri daha bir sınaq gözləyir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 2016-cı ildən tətbiq ediləcək məktəbəqədər və ümumi təhsil sahəsi üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması üçün artıq Təhsil Nazirliyində işçi qrup yaradılıb, ilkin sənədlər hazırlanıb.

Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, nazirliyin müvafiq strukturlarının qərarından sonra sənədin hökumətə təqdim olunması planlaşdırılır: "Sənəd çoxşaxəlidir. Burada pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması nəzərdə tutulur ki, bunlar da ayrı-ayrı sahələrdir. Məktəbəqədər başqa, ümumtəhsil isə başqa bir strukturdur. Bu proses birdəfləlik deyil, mərhələli həyata keçiriləcək. Yəqin ki, proses əvvəlcə ümumtəhsil, daha sonra məktəbəqədər təhsil sahəsində tətbiq ediləcək".

Yalnız ümumtəhsil sahəsində 150 mindən çox müəllim heyətinin olduğunu xatırladan nazirlik rəsmisi qeyd edib ki, sertifikasiyanın əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir: "Bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək".

Nazirlik rəsmisi onu da bildirib ki, sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır. O qeyd edib ki, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması nəzərdə tutulur.

İ.Nağıyev bildirib ki, bəzən sertifikasiya ilə attestasiyanı səhv salırlar, sertifikasiya attestasiya deyil.

Hazırda sertifikasiya ilə bağlı sənədlərin hazırlandığını xatırladan İ.Nağıyev əlavə edib ki, sertifikasiyanı alan müəllimə onun bilik və bacarığına müvafıq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər: "Hazırda ölkədə müəllimlərdə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Buna uyğun olaraq, dərəcələr artır. Amma differensial əmək haqqı tətbiq olunarsa, - bunun üzərində iş gedir - artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarğına, yəni, sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır".

İ.Nağıyevin sözlərinə görə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi aparılan müəllimlərin də sertifikasiya cəlbi nəzərdə tutulur: "Bu halda diaqnostika bizim üçün çox maraqlı alət rolunu oynaya bilər. Artıq Bakıda 30 mindən çox müəllim diaqnostikadan keçirilib. Diaqnostika müəllimlərin real bilik və bacarıqlarının hansı həddə olması barədə bizə kifayət qədər dəyərli məlumat verir. Buna görə də bilirik ki, sertifikasiyanın keçid meyarını hansı həddə qoysaq, ondan nə qədər müəllim keçəcək".

İ.Nağıyev əlavə edib ki, sertifikasiyadan əvvəl və sertifikasiya ərzində müəllimlər üçün xüsusi ixtisasartırma kurslarının keçirilməsi planlaşdırılır: "Sertifikasiya ərəfəsində, ondan da əvvəl bu kurslar keçiriləcək ki, müəllimlər müəyyən qədər prosesə hazırlıqlı olsunlar. Bakıda artıq bu proses başlama ərəfəsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti