...

Şəkidə zəlzələdən ziyan çəkənlər üçün yeni evlər tikiləcək

Cəmiyyət Materials 9 Sentyabr 2015 15:32 (UTC +04:00)
Şəkidə zəlzələ zamanı evləri ziyan görmüş sakinlər üçün yeniləri tikiləcək.
Şəkidə zəlzələdən ziyan çəkənlər üçün yeni evlər tikiləcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elmir Murad/

Şəkidə zəlzələ zamanı evləri ziyan görmüş sakinlər üçün yeniləri tikiləcək. Bunu Trend-ə açıqlamasında Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, həmçinin divarlarında iri çatlar əmələ gəlmiş evlər təmir olunacaq: "Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası zəlzələdən ziyan görmüş kəndlərdə araşdırmalar aparır və onlara əhali tərəfindən müraciətlər gəlməkdə davam edir. Bizdə olan məlumata görə, ümumilikdə 240-dan çox evə zəlzələ zamanı ziyan dəyib. Bu son rəqəm olmaya da bilər. Araşdırmalarımız davam edir. Əhalinin müraciətlərindən və evlərə baxış yekunlaşandan sonra onların mənzil məsələsinə baxılacaq. Yüngül ziyan dəyən evlər təmir olunacaq, ciddi ziyan dəyənlər isə sökülərək yerinə yeniləri tikiləcək".

İcra başçısının köməkçisi yeni qurulan çadırlardan da danışıb. Qeyd edib ki, Bollu Dərə və Qara Torpaq kəndində daha 11 çadır quraşdırılıb: "Evlərə baxışdan sonra Bollu Dərə və Qara Torpaq kəndində yeni çadırlar qurulub. Bilirsiniz ki, srağagün sözügedən kəndlərdə ümumilikdə 15 çadır quraşdırılmışdı. Dünən axşam isə bir neçəsi də quraşdırılıb. Hazırda cəmi 26 çadır var. Onlardan 23-ü Qara Torpaq kəndində, 3-ü isə Bollu Dərə kəndində quraşdırılıb. Ehtiyac olduğu təqdirdə yeni çadırlar quraşdırıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti