...

Ağcabədidə hərbi vətənpərvərlik mövzusunda təbdir keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2015 16:03 (UTC +04:00)
Toplantı başa çatsa da, Heydər Əliyev parkında səsləndirilən vətənpərvərlik mahnı və marşlarının sədaları hələ də ətrafa yayılırdı.
Ağcabədidə hərbi vətənpərvərlik mövzusunda təbdir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Komanda Qərargah Hərbi Oyunları başladığı ilk gündən Ağcabədi rayonunda "Ordu xalqla əl-ələ" devizi altında vətənpərvərlik tədbirlərinə start verilib. Rayonun idarə və təşkilatlarında, mədəni-maarif ocaqlarında silsilə tədbirlər həyata keçirilir, Müdafiə Nazirliyinin məlumatları əsasında irimiqyaslı təlimlərin gedişi barədə rayon sakinlərinə vaxtaşırı məlumatlar verilir, ehtiyatda olan hərbi vəzifəlilərin hər an təlimlərə qoşulmaq ehtimalı nəzərə alınaraq onlarla məqsədyönlü iş aparılır, ordu hissələrinin şəxsi heyəti ilə mütəmadi görüşlər keçirilir, şəhid ailələri, sağlamlıqlarını Vətənin müdafiəsi zamanı itirmiş döyüşçülər daim diqqətdə saxlanılır, veteranların gənclərin vətənpərvərlik tərbiyəsində fəallığı daha da artırılır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev parkında keçirilən izdihamlı toplantı ağcabədililərin öz ordusuna sevgi və məhəbbətinin Vətənə, xalqa, dövlətə, Ali Baş Komandanına sədaqətinin təntənəsinin nümayişinə çevrilib.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin rəhbərliyi Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ağcabədililərin Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını, ordu ilə xalqın birliyini tərənnüm edən şüar və plakatlarla tərtib olunmuş yay teatrına toplaşmış yüzlərlə rayon sakini Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.

Toplantıda Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun qardaşı Vəfadar İsmayılov çıxış edərək digər qardaşları ilə birlikdə işğal olunmuş torpaqları azad etmək üçün müqəddəs savaşa hazır olduqlarını bldiriblər.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi" Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov, 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla həlak olmuş şəhid Miryaqubun oğlu Vidadi Kərimov da Milli Qəhrəmanın qardaşının çağırışına səs verərək günü bu gün Azərbaycan Ordu sıralarında zəfər yürüşünə qoşulmaq arzusunda olduqlarını toplantı iştirakçılarının nəzərinə çatdırıblar.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani, polkovnik Elçin Kərimov və gənc əsgər Elməddin Məmmədovun çıxışlarını ağcabədililər alqışlarla qarşılayıb, Azərbaycan Ordusunun bugünkü qüdrətindən, Azərbaycan əsgərinin mərdliyindən, cəsarətindən qürur duyduqlarını şüarlarla səsləndiriblər.

Tədbirə qatılmış şəhid valideynləri hörmət və ehtiramla qarşılanmış, şəhid Niyaməddinin anası Çiçək xanım Əmiraslanovanın oğlunun cənazəsi üzərinə sərilmiş bayraqla tədbirə gəlməsi və bu bayrağın tezliklə azad ediləcək Vətən torpaqlarında dalğalanacağına böyük ümidlər bəsləməsi duyğulu anlar yaşadıb.

El ağsaqqalı Əhməd Məmmədov xalq ilə ordunun möhkəm və sarsılmaz birliyini, eləcə də, xalqın bir bayraq altında, bir amal uğrunda, Ali Baş Komandanın əmrlərinə müntəzir olduqlarını izləməkdən böyük iftixar hissi keçirdiyini vurğulayıb.

Ağcabədi Rayon İcra Başçısı Şahin Məmmədov əvvəlcə Prezidentin sərəncamı ilə yaradılmış Silahlı Qüvvələrin Yardım Fondunun siyahısında adı neçə illərdir ki, birinci sırada gedən Ağcabədi rayonunun ictimaiyyətinə minnətdarlığını bildirib və ağcabədililərin bundan sonra da ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə səylərini əsirgəməyəcəklərini, yenə də hərbi vətənpərvərlik işinin rayonda prioritet məsələ olacağını, ağcabədililərin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da Vətənə, xalqa, dövlətə, orduya sonsuz sədaqət nümunələrini göstərəcəklərini qeyd edib.

Toplantı başa çatsa da, Heydər Əliyev parkında səsləndirilən vətənpərvərlik mahnı və marşlarının sədaları hələ də ətrafa yayılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti