...

Azad Rəhimov Prezident qarşısında hesabat verdi

Cəmiyyət Materials 23 Sentyabr 2015 22:52 (UTC +04:00)
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.
Azad Rəhimov Prezident qarşısında hesabat verdi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.

Gənclər və idman naziri, Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxış edərək dedi: "İyirmi dörd illik müstəqillik tariximiz ölkənin inamlı gələcəyinə yönəlmiş çox mühüm və strateji hadisələrlə zəngindir. Müstəqilliyimizin ilk illərində idmanın inkişafına xüsusi diqqət göstərilməsi ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Bu diqqətin səbəbi də Ulu Öndər tərəfindən aydın ifadə edilmişdir: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".

Möhtərəm cənab Prezident, Azərbaycanda Sizin rəhbərliyiniz altında ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafı da ardıcıl, məntiqli, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Bütün bunların nəticəsidir ki, idman sahəsində ölkəmiz yüksək beynəlxalq nüfuz qazanıb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açmış, Azərbaycanın gücünü və potensialını bütün dünyaya nümayiş etdirmişdir. Sevindirici haldır ki, bu Oyunlar zamanı yüzlərlə azərbaycanlı gənc zəngin təcrübə qazanmışdır. Müxtəlif təlimlər, kurslar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin formalaşmasına müsbət təsir göstərmişdir. Əminik ki, ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi zamanı bu potensialdan geniş istifadə olunacaqdır".

Nazirin sözlərinə görə, birinci Avropa Oyunları ərəfəsində yaradılmış maddi-texniki baza imkan verir ki, IV İslam Həmrəylik Oyunlarını da mövcud idman obyektlərində keçirək: "Onların hazırlıq səviyyəsi beynəlxalq federasiyaların texniki tələblərinə tam şəkildə cavab verir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. İştirakçıların sayında ciddi fərq olmadığından yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda, qonaqların yerləşdirilməsi, qidalanması, tibbi xidmət, nəqliyyat, təhlükəsizlik və digər texniki təminat məsələləri də əsasən mövcud imkanlar daxilində həll ediləcəkdir.

Jurnalistlər və digər media təmsilçilərinin də Media Kəndində yerləşdirilməsi üçün bütün lazımi şərait vardır. Atletlər Kəndində bütün mebel və avadanlıqlar hazır vəziyyətdə, toxunulmaz saxlanılmışdır və qarşıdan gələn tədbir üçün tam hazırdır. Eyni zamanda, mətbəxlər, əyləncə mərkəzləri, poliklinika üçün müvafiq avadanlıqlar, daxili nəqliyyat vasitələri və digər texniki vasitələr də işlək vəziyyətdədir. Əməliyyat heyətinin işini təmin etmək üçün 6 mindən çox müxtəlif adda İT avadanlığı, kompyuter, skaner, printer, server və digər vasitələr də yenidən istifadəyə tam yararlıdır.

Möhtərəm cənab Prezident, Azərbaycanın birinci xanımı, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Birinci Avropa və IV İslam Həmrəylik oyunlarında ümumiyyətlə dünya dövlətlərinin yarısından çoxunun iştirak etməsi Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Eyni zamanda, hazırlıq mərhələsindəki təqdimatlar və Oyunların yayımı ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır".

Azad Rəhimov bildirib ki, Gənclər və İdman Nazirliyi son ildə keçirdiyi beynəlxalq tədbirlər zamanı gənclərin könüllü kimi iştirakına xüsusi diqqət yetirmişdir: "Ən böyük könüllü qüvvəsi isə Avropa Oyunları zamanı toplaşmışdır. Minlərlə gənc öz işinə məsuliyyətlə yanaşaraq vətənpərvər mövqelərini bir daha sübut etdi. Həmin gəncləri gələcəkdə də bir araya yığmaq məqsədilə onların məlumat bazası yaradılmışdır.

İdmançılarımızın bundan sonra da uğurlu çıxış etmələri üçün onların çoxsaylı idman yarışlarında iştirakı olduqca vacibdir. Bu məqsədlə ölkəmizdə bir sıra idman növlərini özündə birləşdirən kompleks yarışların təşkil edilməsi ölkə idmanına böyük töhfə verir. Bu, idmançıların Olimpiya Oyunlarına hazırlıq səviyyəsini də artırır, nəticələrin daha da yaxşılaşdırılmasına zəmin yaradır, daha çox idmançının təcrübə qazanmasına səbəb olur.

Qeyd etmək istərdim ki, Azərbaycanda futbol üzrə Avropa Çempionatının dörddəbir mərhələ yarışları, "Formula-1" Avropa Qran-pri yarışları, Şahmat Olimpiadası ilə yanaşı, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının final mərhələsi və yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 23 yaşadək gənclərin dünya çempionatı keçiriləcək. Qeyd etmək istərdim ki, noyabrın 2-4-də ilk dəfə olaraq İslam Həmrəyliyi İdman Federasiyasının IX Baş Assambleyası və İslam Həmrəylik Oyunları ilə bağlı yaradılmış koordinasiya komissiyasının ilk toplantısı tədbirin ənənəvi məkanından kənarda - Bakıda keçiriləcək.

Birinci Avropa Oyunlarında komandamız uğurla çıxış edərək şərəfli ikinci yer tutmuşdur. Bütün qüvvələrimizi səfərbər edəcəyik ki, İslam Həmrəylik Oyunlarında da milli yığmamız Sizin və xalqımızın yüksək etimadını doğrultsun. Əminik ki, Azərbaycan xalqı bu Oyunlara da böyük maraq və dəstək göstərəcək. Avropa Oyunlarında olduğu kimi, yarışlar zamanı tribunalar tamaşaçılarla dolu olacaq. Əminik ki, bu Oyunlar İslam ölkələrinin böyük bayramına çevriləcək".

Xəbər lenti

Xəbər lenti