Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Oktyabr ayının 12-də İmişli rayonunda cari şəkər çuğunduru yığım mövsümünün nəticələrinə həsr olunan Şəkər bayramı keçirilib.
Trend-ə verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyəti və "Azərsun Holdinq" rəhbərliyi, millət vəkilləri, diplomatik korpus nümayəndələri, rayon sakinləri və şəkər çuğunduru becərdən fermerlər iştirak ediblər.
İlk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri Vilyam Hacıyev və "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon ictimaiyyətinin və geniş əhali kütləsinin iştirakı ilə rayonda yerləşən Heydər Əliyev parkında davam edib.
Sakinlər qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə və xüsusi ilə regionlarda olan sosial-iqtisadi inkişafdan bəhs edib, İmişli rayonunda da aparılan quruculuq işlərindən ətraflı məlumat verib. İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb, məhz "Azərsun Holdinq"ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevrildiyini xüsusi vurğulayıb.
"Azərsun Holdinq"in baş direktoru Savaş Uzan çıxışında hər kəsi bayram münasibətilə təbrik edərək, 2015-ci ilin cənab Prezident tərəfindən "Kənd təsərrüfatı" ili elan olunduğunu xatırladaraq bu il şəkər çuğunduru əkin ərazilərinin və məhsuldarlığın artmasını sevindirici hal kimi dəyərləndirib. Məhz bu ildə Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində ikinci yem fabrikinin istifadəyə verilməsi də xüsusi önəm daşıdığını qeyd edib.
Cari mövsümdə şəkər çuğunduru əkinlərində ən yüksək məhsul əldə edən 19 torpaq mülkiyyətçisi Azərsun Holdinq tərəfindən mükafatlandırılıb. 1-ci yerin qalibinə 1 ton şəkər hədiyyə edilib. Bu da öz növbəsinə şəkər çuğunduru əkinlərinin ilbəil artırılmasına öz müsbət töhfəsini verir. Bədii proqram incəsənət xadimlərinin rəngarəng çıxışları ilə davam edib.
Onu da qeyd etmək lazımdır ki , Şəkər bayramı ərəfəsində İmişlinin Hacirüstəmli kəndində Azərsun Holdinq tərəfindən xəstəxana inşa edilərək, kənd sakinlərinin istifadəsini verilib.