...

BANM və Moskva Fiziki-Texniki Institutu arasında əməkdaşlıq perspektivləri müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 10:41 (UTC +04:00)
Moskva Fiziki-Texniki Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Anna Derevnina Bakı Ali Neft Məktəbində olub.
BANM və Moskva Fiziki-Texniki Institutu arasında əməkdaşlıq perspektivləri müzakirə edildi (FOTO)

Bakı. Trend:

Moskva Fiziki-Texniki Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Anna Derevnina Bakı Ali Neft Məktəbində olub.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor, professor Ramiz Hümbətov qonağı salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirdi. Professor Ramiz Hümbətov BANM-in tarixi haqqında məlumat verərək, bu ali təhsil müəssisəsinin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını dedi. Azərbaycanda neft sənayesinin inkişafından, SOCAR-ın biznes fəaliyyətinin xarici ölkələrdə genişlənməsindən söz açan prorektor Ali Məktəbin əsas məqsədinin neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanması olduğunu dedi. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu vurğuladı və tədrisin ingilis dilində aparıldığını diqqətə çatdırdı. Ramiz Hümbətov bildirdi ki, BANM-də tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. O, həmçinin fənlər üzrə yekun imtahan nəticələrinin Heriot-Vatt Universitetinin professorları tərəfindən qiymətləndirildiyini qonağın diqqətinə çatdırdı. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-i seçdiyini deyərək, Prezident təqaüdçüsü adını qazanan tələbələrin sayının da yüksələn xətt üzrə getdiyini bildirdi. Bu tədris ilində I qrup üzrə Prezident təqaüdünü qazanan 25 tələbədən 17-nin BANM-in tələbəsi olduğuna diqqət çəkdi. Ali Məktəbin kampusu haqqında söz açan prorektor orada tələbələr üçün yaradılan şəraitdən danışdı. Ramiz Hümbətov tələbələrin SOCAR, Total, BP, Schlumberger, Emerson, Schneider Electric, Halliburton, Statoil kimi bir sıra transmilli şirkətlərdə istehsalat təcrübəsi keçməsindən də söz açdı, BANM-in Moskva Fiziki-Texniki Institutu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Moskva Fiziki-Texniki Institutunun Beynəlxalq əlaqələr üzrə prorektoru Anna Derevnina səmimi qəbula və məlumata görə öz təşəkkürünü bildirdi. Azərbaycanda ilk dəfə olduğunu deyən Anna Derevnina Bakıda keçirilən Azərbaycan-Rusiya Universitetlərlərarası Forumunda iştirak etmək üçün ölkəmizə səfər etdiyini dedi. O, təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət sahələri haqqında geniş məlumat verərək, birgə proqramların və layihələrin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı fikirlərini bölüşdü. O, BANM-in rəhbərliyini təmsil etdiyi ali təhsil müəssisəsinə dəvət etdi.

Görüşdə, eyni zamanda, əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq, müəllim və tələbə mübadiləsi, o cümlədən digər məsələlər ətrafında müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti