...

Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən kitabın təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2015 22:34 (UTC +04:00)
Ukraynanın paytaxtında “Antibiotik rezistentliyin yaranmasının qarşısının alınması və yayılmasının strategiyası və antimikrob preparatlardan rasional istifadə” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Kiyevdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilən kitabın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Ukraynanın paytaxtında "Antibiotik rezistentliyin yaranmasının qarşısının alınması və yayılmasının strategiyası və antimikrob preparatlardan rasional istifadə" mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbir çərçivəsində görkəmli oftalmoloq alim Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilən "Ukraynada tibbi yardımın göstərilməsi ilə əlaqədar antimikrob rezistentliyi və infeksiyalar" kitabının təqdimatı keçirilib. Kitab Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun dəstəyi ilə 1000 nüsxə tirajla nəşr edilib.

Kitabın müəllifi həmvətənimiz, Kiyevdə Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, Ümumukrayna İnfeksiya Nəzarəti və Antimikrob Rezistentliyi Assosiasiyasının rəhbəri, P.L.Şupik adına Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyasının mikrobiologiya və epidemiologiya kafedrasının müdiri, DST-nin Avropa bürosu yanında Ukrayna milli əlaqələndiricisi, tibb elmləri doktoru, professor Aydın Salmanovdur.

Professor A.Salmanov akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilən digər doqquz kitabın da müəllifidir. Həmin kitablar Kiyevdə, Kopenhagendə, Münxendə və Brnoda keçirilən müxtəlif beynəlxalq forumlarda Avropa İttifaqı, MDB, ABŞ və Kanadadan olan görkəmli alimlərin və ekspertlərin iştirakı ilə təqdim edilib.

Kiyevdəki forum DST, Ukraynanın Səhiyyə Nazirliyi, Ukrayna Diplomdansonrakı Təhsil Milli Tibb Akademiyası, Ümumukrayna İnfeksiya Nəzarəti və Antimikrob Rezistentliyi Assosiasiyası və Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə DST-nin, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Tibb Elmləri Milli Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, habelə Azərbaycan, Belarus, Macarıstan, Gürcüstan, Danimarka, Hindistan, Polşa və Fransadan alimlər iştirak ediblər. Forum Ukraynanın Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk, Lvov, Belarusun Minsk, Gürcüstanın Tbilisi, Hindistanın Yeni-Dehli şəhərləri ilə telekörpü formatında keçirilib.

Professor A.Salmanov AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirin bütün iştirakçılarına "Ukraynada tibbi yardımın göstərilməsi ilə əlaqədar antimikrob rezistentliyi və infeksiyalar" kitabı hədiyyə edilib.

Qeyd edək ki, Aydın Salmanov 250 elmi işin, o cümlədən 20 kitabın müəllifidir, dünyanın müxtəlif dövlətlərinin mükafatlarına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti