...

QMİ: Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var

Cəmiyyət Materials 19 Yanvar 2016 15:19 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
QMİ: Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda deyilir ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunmuş Qanlı yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik: "Dörddə bir əsrdən artıq müddətin bizləri ayırdığı 20 Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq, heç vaxt unudulmayacaq. Şəhidlərimizin unudulmaz xatirəsi qarşısında illərdən bəri ürəklərimizdə gəzdirdiyimiz vətəndaşlıq qüruru və qan yaddaşımızı əsrlər belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-Təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışların əziz xatirəsi əbədi olaraq yaşayacaq".

Qeyd olunur ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib: "20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolda ilk mənəvi qələbə oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi qiymətləndirdi. Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi ifşa dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi, birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda həlak olmuş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı".

Bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi öz məhdud imkanlarına baxmayaraq, qanlı hadisələrin ilk günündən 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılmasında, törədilən cinayətin bəşəriyyətə qarşı amansız cəza tədbiri kimi qiymətləndirilməsi istiqamətində öz səylərini əsirgəmədi: "Təəssüf edirik ki, Azərbaycan xalqına və onun böyük oğlu - ulu öndər Heydər Əliyevə qarşı məkr və hiylələrin davamı olan 20 Yanvar faciəsi bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Azərbaycan xalqının tam mənəvi haqqı var ki, öz qatillərini - M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, Xocalı qətliamı, 20 Yanvar cinayəti də var. Bu bir danılmaz həqiqətdir ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması xalqımızın ağrılı problemi olan Qarabağ məsələsinin bu günədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməyib. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərib. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər".

Bəyanatda deyilir ki, azadlığı, müstəqilliyi Azərbaycan xalqı şəhid verərək qazandı: "Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanmışlardır. Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün qəhrəman övladlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz ən ülvi arzusuna yetişəcək, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq.

Bu ümummilli hüzn, eyni zamanda xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətninin oxunmasını, "Axund və imamlar üçün xütbə nümunələri"ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə moizələr edilməsini, əziz şəhidlərimizin ruhlarına dualar edilməsini vacib sayır. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti