...

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 19 Fevral 2016 11:43 (UTC +04:00)
Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.
“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB 2)

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz qoyulub: "Lakin xalqımızın başına gətirilən faciələrin miqyasını araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra mümkün olub".

M.Əhmədov vurğulayıb ki, son illərdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi kitabların əksəriyyətinin təqdimatının Prezident Kitabxanasında keçirilməsi ənənə halını alıb. O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bəzi nəşrlərinin təqdimatı da Prezident Kitabxanasında keçirilib.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun prioritet tədqiqat istiqamətlərindən biridir.O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında 2014-cü ildə Prezident Administrasiyası azərbaycanlılara qarşı soyqırımların və deportasiyaların kompleks şəkildə araşdırılması üçün Fəaliyyət Proqramı təsdiq edib: "Həmin proqrama əsasən AMEA-nın Rəyasət Heyətində azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası yaradılıb və Akademiya sistemindəki institutlara konkret tapşırıqlar verilib. Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətiriblər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap edilmiş, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılmış və nəşr edilib".

Y.Mahmudov bildirib ki, bu gün təqdimatı keçirilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir: "Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan foto-sənədlərdən də istifadə edilib".

Y.Mahmudov deyib ki, kitabın ingilis, rus və digər dillərə tərcümə edilərək dünyada yayılması nəzərdə tutulur: "Bizim məqsədimiz odur ki, qoy dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilən bu dəhşətləri bilsin".

Y.Mahmudov qeyd edib ki, hazırda Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi"ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitab hazırlayırlar.

Sonra Azərbaycan Respublikasının hərbi prokuroru, Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, general-leytenant Xanlar Vəliyev çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açdı. X.Vəliyev soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu-separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən geniş bəhs edərək, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırıb.

X.Vəliyev sonra qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası bu soyqırımın dünyada daha geniş tanıdılmasında mühüm rol oynadı və bir sıra ölkələr bunu soyqırım kimi qəbul etdi.

X.Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirib.

Sonra çıxış edən natiqlər də ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən söyqırımlardan və etnik təmizləmə siyasətindən danışıb və təqdim olunan kitabın bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti