...

Uruqvay Xəbərlər Agentliyində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Cəmiyyət Materials 22 Fevral 2016 19:43 (UTC +04:00)
Azərbaycanın Uruqvay Şərq Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Rzayevin Uruqvay Xəbərlər Agentliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub.
Uruqvay Xəbərlər Agentliyində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

Bakı. Trend:

Azərbaycanın Uruqvay Şərq Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Rzayevin Uruqvay Xəbərlər Agentliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Məqalədə deyilir ki, 26 fevral 2016-cı il tarixində Azərbaycan xalqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Xocalı qəsəbəsində dinc əhaliyə qarşı törədilmiş qətliamın 24-cü ildönümünü anacaq. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalının işğalı xüsusilə faciəvi olub. Müharibədən öncə Xocalıda 7000 azərbaycanlı yaşayırdı. 1991-ci ilin oktyabrından başlayaraq Xocalı tam şəkildə Ermənistan qoşunları tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunları Xocalıya hücum edərək işğal edib və misli görünməmiş vəhşiliklər törədərək yüzlərlə dinc azerbaycanlını etnik mənsubiyyətinə görə məhv ediblər. Bu faciədə 103 qadın, 63 uşaq və 70 ahıl daxil olmaqla 613 günahsız və silahsız insan həlak olub. Millərlə dinc əhali ağır yaralanıb, 1275 nəfər faciə gecəsi girov götürülüb, onların çoxu işgəncələrə məruz qalıb və girovluqda öldürülüb.

Xüsusilə qeyd olunub ki, Xocalı hadisələri Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qeyri-qanuni rejimin "özünümüdafiə qüvvələri komitəsi"nin rəhbəri olduğu dövrdə baş verib. Bu səbəbdən də S.Sarkisyanın xatirələri sübut üçün əhəmiyyətli mənbədir. Britaniyalı jurnalist Tomas de Val özünün "Black Garden: Armenia and Azerbaijan Through Peace and War" kitabında vaxtilə S.Sarkisyanla keçirdiyi görüşü zamanı onunla apardığı söhbətdə götürdüyü qeydləri ictimailəşdirib. S.Sarkisyanın bu sözləri Xocalıdakı cinayətin müəlliflərinin kim olduğuna münasibətdə heç bir şübhə yaratmır: "Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir olmayan xalqdır. Biz bu stereotipi dağıtmağa nail olduq və bu da baş verdi".

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün 22 aprel 2010-cu il tarixli qərarında bildirib: "Müstəqil mənbələrdən əldə olunmuş məlumatlar xəbər verir ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə işğal olunmuş şəhərdən qaçmağa cəhd göstərmiş etnik azərbaycanlılar olan yüzlərlə mülki şəxs onlara hücum edən erməni qoşunları tərəfindən qətlə yetirilib, yaralanıb və girov götürülüblər". İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda mülki azərbaycanlı əhaliyə qərşı törədilmiş qətliamı müharibə cinayəti və ya bəşəriyyətə qarşı cinayət tərkibi yaradan xüsusilə ağır hərəkətlər kimi qiymətləndirib.

Məqalədə deyilir ki, "Human Rights Watch" (HRW) təşkilatı öz hesabatında Xocalıda baş verənləri "Ermənistan-Azərbaycan münaqişəsi boyunca bu günədək baş vermis ən böyük qətliam" kimi təsvir edib. Çexiya, Kolumbiya, Meksika, Peru, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Honduras, Panama, Qvatemala, Rumıniya, Pakistan və ABŞ-ın 15 ştatından çoxu və digər dövlətlər Xocalı soyqırımını tanıyıblar.

Xocalı hadisələri daxil olmaqla, Ermənistan tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və onlara lazımi siyasi və hüquqi qiymət verilməlidir. Belə ki, cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti