...

"British Council Azərbaycan" ofisinin direktoru Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 24 Fevral 2016 17:28 (UTC +04:00)
Fevralın 24-də "British Council Azərbaycan" ofisinin direktoru Elizabet Vayt Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb.
"British Council Azərbaycan" ofisinin direktoru Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Fevralın 24-də "British Council Azərbaycan" ofisinin direktoru Elizabet Vayt Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı dil və tərcümə, tərcümə tədrisinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, ədəbiyyatlararası əlaqələrin və mübadilələrin qurulması, eləcə də digər əlaqədar mövzularda danışıqlar aparılıb.

A.Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsinin mövcud durumundan, dilin düzgün tətbiqi, tərcümə tədrisinin və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara uyğun səviyyədə qurulması istiqamətində görülən işlərdən danışaraq, ədəbiyyatlararsı mübadilələrə geniş imkanlar yaradan "Müasir Azərbaycan ədəbiyyatı antologiyası" layihəsindən söz açıb: "Ötən ilin dekabrında antologiyanın Moskvada geniş təqdimat mərasimi baş tutdu. Kitabın yaxın vaxtlarda ərəb dilində Misirdə, daha sonra İordaniya, Fələstin, Mərakeş, Liviya və digər bu kimi ərəb ölkələrində nəşri planlaşdırılır. Bu nəşrin ilkin təqdimatının Misir Milli Mədəniyyət Mərkəzində keçiriləcəyi nəzərdə tutulub. İyunda isə ikicildliyin türk dilində Ankarada təqdim ediləcəyi gözlənilir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim edilir. Biz bu nəşri Azərbaycan dilində də çapa hazırlamışıq və nə qədər qəribə də olsa, milli ədəbiyyatımız Azərbaycana da ilk dəfə belə bir akademik formatda təqdim ediləcək".

E.Vayt deyib ki, Tərcümə Mərkəzi dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, ədəbi dilin qorunması və istifadəsi, tərcümənin tədrisi, eləcə də ədəbiyyatlararası mübadilələr istiqamətində fövqəladə işlər görür: "Azərbaycan ədəbiyyatının dünyaya belə bir formatda təqdimatı, eləcə də dünya ədəbiyyatlarının ölkədə işıqlandırılması ilə bağlı görülən işlər həqiqətən təqdirəlayiqdir. Məhz bu format dünya oxucusunda milli ədəbiyyatımız barədə tam və müfəssəl təəssüratın yaranmasına imkan verir. Antologiyanın ingilis dilində mükəmməl səviyyədə alınması, nəşri və təqdimatı ilə bağlı təkliflərinizi yüksək dəyərləndirirəm. Bununla bağlı İngiltərənin əlaqədar qurumları ilə əlaqə yaradacaq və Mərkəzlə bu sahədə işbirliyinin qurulmasına yardımçı olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti