...

"Əsir düşəndə məndə elə hiss yarandı ki, sanki filmə çəkilirəm"

Cəmiyyət Materials 26 Fevral 2016 16:56 (UTC +04:00)
Özünün dediyinə görə, yaxınları onu məhz bu mövzu ilə əlaqədar - əsirlikdə qalması barədə müsahibə verməyə görə qınayır. Ona irad tuturlar ki, niyə əsirlik sözünü ağzına alır, bu qədər əsirlikdən danışır.
"Əsir düşəndə məndə elə hiss yarandı ki, sanki filmə çəkilirəm"

Bakı. İlhamə İsabalayeva - Trend:

Özünün dediyinə görə, yaxınları onu məhz bu mövzu ilə əlaqədar - əsirlikdə qalması barədə müsahibə verməyə görə qınayır. Ona irad tuturlar ki, niyə əsirlik sözünü ağzına alır, bu qədər əsirlikdən danışır. Ancaq o, artıq əsirlikdə başına gələnlərin heç birini gizlətmək fikrində deyil. "Nə vaxta qədər qapalı olmalı, nə vaxta qədər susmalıyıq? Mən bunu heç kimdən gizlədə bilmərəm. Xocalı hadisəsində bütün Azərbaycanın namusu ləkələndi. Düşmən görmüş, düşmənin içində olmuş qadınam. İstəyim odur ki, qoy bütün dünya bu vəhşiləri tanısın", - deyən həmsöhbətimiz 43 yaşlı Dürdanə Ağayeva 20 yaşında 8 gün erməni əsirliyində olub...

D.Ağayeva həmin günlərdə başına gələnləri Trend-ə danışıb:

"Bunun real olduğuna inana bilmirdim"

- Cavanlığımda, ümumiyyətlə, bu məsələni gizlədirdim. Əsirlikdə olmağımı neçə il gizli saxlamağımın səbəbi nə idi? Birincisi, ailəliyəm. Yoldaşımla ailə quranda təbii ki, hər şeyi ona danışdım və məni olduğum kimi də qəbul etdi. Ancaq özümə də ağır idi ki, kimsə məni qınayar. Qınaq çərçivəsində olmaq istəmirdim. Amma çox əzab çəkirdim, ürəyim elə bil yüklü idi. Amma danışandan sonra mənə xeyli mesajlar da gəldi ki, bunu niyə indiyə qədər saxlamısan. Həm də bunları gizlətməklə özümüz özümüzə pislik edirik. Erməni murdarlıqlarının iç üzünü, əsl simasını qapayırıq.

Əsir götürülməyin özü elə bir hissdir ki, onu heç cür izah edə bilmirəm. Ayağımdan güllə yarası alıb yıxılanda, hər kəsi itirib qardaşım Elşadla əsir düşən anda, erməniləri görəndə məndə elə hiss yarandı ki, sanki filmə çəkilirəm, hansısa obrazdayam, bu, həyat deyil. Bunun real olduğuna inana bilmirdim. Ay Allah, dəhşətə gəldik. Bizi 4-5 km məsafəni piyada Əsgəran polis şöbəsinə apardılar, demə, ən pisi də elə bura imiş. Mən gələndə orada bizim təxminən 40-a qədər qadın, qız-gəlinimiz, uşaqlar vardı. Onları görəndə sevinmək yox, özümə təsəlli tapdım ki, burada tək deyiləm, sığındığım insanlar var.

"Məni ölmüş bilib zibilin üstünə atıblar"

- Fevral ayı gələndə mən o günləri təkrar yaşayıram. Hər dəfə yerə qar düşəndə o günləri yenidən canlandırır. İndi də soyuq suya əl vuranda bədənimə gizilti düşür. Bunlar unudulası şeylər deyil. İndi də fevralda qar yağırsa, qarı görəndə üşüyürəm, çünki bir sutka qarın altında qalmışam. Özümü hiss etməmişəm, elə bilmişəm ki, ölmüşəm. Əsirlikdə məni necə vurmuşdularsa, özümdən getmişdim. Ayılanda elə bildim yuxudayam. Əlimi ətrafa vurdum, gördüm əlim sürüşür, baxdım ki, şüşədir. Demə, məni ölmüş bilib zibilin üstünə atıblar. Qarın altında qalmaqdan gözümü aça bilmirdim. Barmağımı ağzıma saldım, bəlkə 20 dəqiqə, bəlkə yarım saat keçdi, orada vaxtın ölçüsünü itirmişdim. Əlimi isidib, barmağımla gözümü açdım. Gözüm həm döyülməkdən şişdiyi, həm də soyuqdan donduğu üçün açılmırdı. Kirpiklərim bir-birinə yapışmışdı. Uzun saçım vardı, hörüyümdə qırovlar vardı. İndi mən qar görəndə, buz görəndə elə bil canıma titrətmə düşür, qorxuram.

"Kişilərimizin aldığı erməni arvadları bizi satmışdılar"

- ...Mən 60-70 kişinin içində bir qadın idim. Ermənilər məni çox incidiblər, əllərimi qapının ağzına da qoyublar, başımı yerə qoyub ayaqları ilə vurublar. Mən orada niyə çox döyüldüm, bu qədər işgəncə gördüm? Bizim kişilərin aldığı erməni arvadları bizi orada satmışdılar. Hər kəsin də adının qarşısına peşəsi yazılmışdı. Mənim adımın qarşısına "svyazistka" yazmışdılar. Adım orada elə də qaldı - "svyazistka". Onlar elə başa düşmüşdülər ki, mən hərbçilərin rabitəçisiyəm. Məlum məsələdir ki, müharibə gedən bölgədə rabitəçilər elə hərbçilərlə eynidir. Hərbçi səngərdədirsə, biz də öz postumuzda otururduq, o torpağın keşiyini çəkirdisə, mən xəbər gözləyib, xəbər çatdırırdım.

Amma bir qadın olaraq, mən bununla da fəxr edirəm ki, əsir düşsəm də, bu gün hamının üzünə dik baxa bilirəm. Mən orada satqın olmadım. Allah şahiddir. Bir də orada əsirlikdə olan kişilər şahiddir. Mənə o qədər zülm, işgəncə verdilər, axırda erməni də bizi əsirlikdən buraxanda (əsirlikdən dövlət tərəfindən Allahverdi Bağırovun əli ilə dəyişdirilmişəm) qolumdan tutub dedi ki, çox dözümlü qız idin. Qardaşıma da dedi ki, bu qız sənin həyatını xilas etdi.

"Palçıqlı ayaqqabısını ağzıma necə soxdusa, nəfəsim kəsildi"

- Dəfələrlə ölmək istəmişəm. Bu istəyimin sayı-hesabı yox idi. Bir dəfə bir erməni soruşdu ki, Qarabağ kimindir? Dedim, bilmirəm. Dedi, söylə ki, Qarabağ ermənilərindir. Dedim yox, bilmirəm. Palçıqlı ayaqqabısını ağzıma necə soxdusa, nəfəsim kəsildi. Mənə torpaq yedizdirdilər ki, "Torpaq istəmirsiniz? Al, ye bu torpağı". Onlar mənim sözlərimə əsəbiləşib məni öldürə də bilərdilər, amma öldürmürdülər, ölümcül əzab verirdilər. O qədər istəmişəm ki, məni öldürsünlər, güllələsinlər. O dəqiqə də anamı xatırlamışam. Üç qardaşın bir bacısıyam. Anam mənim dərdimi neçə çəkər?

"Olanları anama da deməmişəm"

- ...8 gündə başımın sol nahiyəsindəki tüklər tamam ağarmışdı. Ata nənəm deyərdi ki, başdakı tük ürəkdən su içər, gör necə qorxmusan ki, saçların da bu qədər ağarıb. Əsirlik məni qocaltdı. İndi də yoldaşıma deyirəm ki, qocalmışam. Mənim daxilim qocadır. Gənclik illərim param-parça olub getdi, ömrümün yarısını itirmişəm.
Olanları anama da deməmişəm, desəydim, ona zərbə vurmuş olardım.

Anam da hərdən mənə sual verir ki, qızım, qardaşınla neçənci gündə görüşdünüz? Deyirəm, ana, sənə lazımdır bu? Sözün arasına söz qatıram. Mən, ümumiyyətlə, dərdimi kiminləsə bölüb, ona dərd verməyi xoşlamıram.

"İndi də saqqallı insan görən kimi vahimələnirəm"

- Mən hərbi geyimliləri, silahı, avtomatı görəndə qorxuram. Məni avtomatın qundağı ilə o qədər döyüblər ki, indi onu görəndə qəribə hiss keçirirəm. İndi də saqqallı insan görən kimi vahimələnirəm. Əsirlikdə qara geyimdə, saqqallılar (biz həmişə ermənilərə saqqallılar deyərdik) gəlib mənə deyəndə ki, dur ayağa, mən ölürdüm yerimdə. Halım olmurdu, uşaq kimi iməkləyə-iməkləyə gedirdim.

Hər dəfə məni dəhlizlə aparanda divardakı qanları görüb özümə yox, əsirlərimizə, qardaşıma ağlayırdım. Hamımıza ağlasığmaz əzab verirdilər, bizim kişilərimizi təhqir edirdilər ki, siz kişi deyilsiniz, kişi olsaydınız, qızınız burada oturmazdı...

"Məndə qırmızı rəngə qarşı fobiya yaranıb"

- Əsir düşdüyüm zaman əynimdə qırmızı paltarla ağ gödəkcə olub. Məndə bu rənglərə qarşı fobiya yaranıb. Mən heç vaxt qırmızı rəngdə paltar geyinmirəm. Anam da deyir, cavansan, niyə geyinmirsən? Deyirəm, yox. Heç əlimə də indiyə qədər xına vurmamışam. Hətta qardaşlarımın toyunda da əlimə xına yaxmadım. Qonşuluqda "Vağzalı" səsi gələndə qulaqlarımı tuturdum ki, eşitməyim. Çünki arzularımı puç etdi əsirlik...

Amma yoldaşım həyata marağımı, özümə qarşı diqqətimi artırmağa çalışır. Yaxşı ki, o var. Əsirlikdə olmağımı mənə tənə edənlər olub. Mənə əsirliklə bağlı elə ağır söz deyilib ki, o sözü deyən adamı artıq ölmüş sayıram. Özünə əsl azərbaycanlı deyən, qanında vətənpərvərlik, vicdanı olan şəxs qarşısındakı insan əsirlikdən çıxıbsa, əsir sözünü onun yanında deməməlidir.

Amma 16-17 illik ailə həyatında yoldaşımın ağzından indiyə qədər əsirliklə bağlı tənəli bir söz eşitməmişəm. Heç vaxt bunu başıma vurmayıb. Əsl qeyrətli Azərbaycan kişisidir.

O vaxt mənim 26, onun isə 37 yaşı vardı. O, ailəli olub, amma ayrılmışdı. Bir gün mənə görüşməyi təklif etdi. Görüşdük. Soruşdu ki, onunla ailə quraram? Mən bu hissi yaşamamışdım, bu sualı heç vaxt eşitməmişdim. Kimsə mənə o vaxta qədər evlilik təklif etməmişdi. Artıq əsirlik vaxtından az qala 7-8 il ötürdü. Mənə bir azərbaycanlı oğlanı, kişisi təklif etməmişdi ki, gəl ailə quraq. İçimdə o qədər qüssələndim, ağladım. Sonra mən ona dedim ki, hər şeyi danışmalıyam və danışdım. O da bir kişi kimi mənə dedi ki, "sən necə varsansa, mənim qəbulumdur. Əsirlik pis yol demək deyil, sən Vətən yolunda, torpaq yolunda əsir düşmüsən". O məni tam, hərtərəfli başa düşdü və biz ailə qurduq.

"22 ildə hər gecə yatanda ürəyim məni silkələyirdi, hər gecə öz ürəyimlə danışırdım"

- Ümumiyyətlə, o vaxtkı gənclərin taleyi məhv oldu. 8 gün əsirlikdə həm öldüm, həm dirildim. 22 ildə hər gecə yatanda ürəyim məni silkələyirdi, hər gecə öz ürəyimlə danışırdım. Olanlar mənim üçün 22-23 il əvvəl olmayıb, onlar mənim üçün dünən olub.

Onlara qarşı içimdəki nifrət mən ölənə qədər ölməz. Mənim qisasım o vaxt alınacaq ki, Qarabağ azad olacaq. Bu dəqiqə müharibə elan olunsa, mən şəxsən cəbhəyə getməyə hazıram. Heç olmasa, bir əsgərə bir patron verərəm, əsgərin xörəyini verərəm. Müharibə bölgəsində nəyə gücüm çatarsa, kömək edərəm. Təki bu qisas alınsın, yerdə qalmasın.

Mən şahidəm, bu gün danışdıqlarımız tarixdir. İstərdim ki, şahid kimi danışdıqlarımız "Ədəbiyyat", "Tarix" dərsliklərində də yer alsın. Qoy məktəblilər də oxusun...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti