...

Nardaranda həbs edilən Nuhbala Rəhimovun işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 10 Mart 2016 09:53 (UTC +04:00)
Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Nardaranda həbs edilən Nuhbala Rəhimovun işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Trend-ə təqsirləndirilən şəxs N.Rəhimovun yaxınları məlumat verib.

Məlumata görə, N.Rəhimov barəsində istintaqı yekunlaşmış cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.

Məlumatda o da bildirilir ki, N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşaraq Sabunçu rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs-qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti