...

Səlim Müslümov Naftalanda 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 10 Mart 2016 13:20 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 5 rayon və şəhərin sakinləri ilə görüşüb.
Səlim Müslümov Naftalanda 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 5 rayon və
şəhərin sakinləri ilə görüşüb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Naftalan şəhərində Naftalan və Mingəçevir şəhərlərinin, Goranboy, Yevlax və Ağdaş rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşların müraciətləri imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və avtomobillə, reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluğun təminatı, müalicəyə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Bütün müraciətlər nazirliyin aidiyyəti məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb.

Qaldırılan ayrı-ayrı məsələlərin həlli ilə bağlı yerindəcə tədbir görülüb, o cümlədən bir sıra şəxslərə müraciətlərinə uyğun olaraq məşğulluqlarının təmin edilməsi üçün vakant iş yerlərinə göndərişlər, bir nəfər əlilliyi olan şəxsə əlil arabası verilib. Eləcə də müraciət edənlərdən bir nəfərin eşitmə aparatı, digər bir nəfər əlilliyi olan şəxsin protez məmulatı ilə təmin edilməsi tapşırılıb.

Dövlət büdcəsi hesabına mənzillə təmin olunma ilə bağlı müraciətləri cavablandıran S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısının nəticəsi kimi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri cari ildə də uğurla davam etdirilir: "Bu ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Abşeron rayonlarında yeni mənzillər istifadəyə verilməklə, 75 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Hazırda sakinlərinin qəbul etdiyimiz şəhər və rayonlarda da bu yöndə işlər aparılır. Ötən il Goranboy, Yevlax rayonlarında və Mingəçevir şəhərində 25 mənzil bu təbəqələrdən olan şəxslərə təqdim olunub. Naftalan şəhərində və Ağdaş rayonunda da ümumilikdə 26 fərdi ev tikilir və onlardan əksəriyyətinin tikintisi artıq tamamlanır". Nazir həmçinin müraciətlərinə uyğun olaraq ayrı-ayrı əlilliyi olan şəxslərin nazirliyin bərpa mərkəzlərində müalicəyə qəbul edilməsi barədə tapşırıq verib.

Qəbula gələnlər arasında ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət edən olmayıb. S.Müslümov cari il fevralın 15-dən başlayaraq ölkədə ünvanlı dövlət sosial yardımı üzrə elektron müraciət və təyinat sisteminə keçilməsinin bu sahənin şəffaflaşmasına şərait yaratdığını vurğulayıb: "Artıq ünvanlı sosial yardımın alınması üçün vətəndaşların elektron qaydada etdikləri müraciətlərə baxılması və qərar qəbulu prosesi məhz elektron sistem vasitəsilə, tam obyektiv və şəffaf şəraitdə həyata keçirilir. Yəni burada artıq hər hansı məmur iştirakının mümkün olmadığını vətəndaşlar aydın şəkildə dərk etməlidirlər".

Qəbul zamanı vətəndaşlar sosial cəhətdən həssas əhali qruplarının, habelə müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı sahəsinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti