Bakı. Trend:
Avstraliya Qran Prisi zamanı keçirdiyi inanılmaz qəzadan zədəsiz xilas olan McLaren-Honda komandasının pilotu və 2016-cı il Avropa Qran Prisinin Rəsmi Elçisi Fernando Alonso keçirdiyi qəza ilə bağlı azərbaycanlı azarkeşlərindən aldığı saysız-hesabsız dəstəyə görə minnətdarlığını ifadə edib. Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.
"Son iki gündə Azərbaycandakı azarkeşlərimdən aldığım dəstəyə görə təşəkkürümü bildirirəm. Bazar günü keçirdiyim qəzada ciddi zədə almadığıma və sağ qaldığıma görə şükr edirəm. Belə hadisə hər bir yarış pilotunun başına gələ bilər, lakin Azərbaycandakı fanatlarım da daxil olmaqla çoxsaylı azarkeşlərimdən aldığım dəstək məni ruhlandırdı. Odur ki, indi bir daha Baklda ilk dəfə olaraq keçiriləcək Formula 1 yarışınının Rəsmi Elçisi olmaqdan qürur duyduğumu bildirirəm və yaydakı yarışlarda fanatlarımın qarşısında yarışmağı səbrsizliklə gözləyirəm" - deyə Fernando Alonso bildirib.