Bakı. İlhamə İsabalayeva-Trend:
Xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində mühüm rol oynamalıdırlar.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşündə deyib.
Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazanılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb.
Nazir qeyd edib ki, xarici ölkələrdə, xüsusilə də Rusiyada yaşayan gənclərimiz Azərbaycan dövlətinin siyasətinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin təbliğində Heydər Əliyev Fondu rol oynamalıdırlar.
Son günlər Dağlıq Qarabağda baş verən hadisələr zamanı dünyanın böyük dövlətlərinin Azərbaycanın mövqeyini dəstəkləməsinin Prezident İlham Əliyevin düzgün xarici siyasətinin nəticəsi olduğunu söyləyən M.Cabbarov bu siyasətin xarici ölkələrin ictimaiyyətinə çatdırılmasında diasporların, xüsusilə də gənclərin rolunu vurğulayıb.
Nazir Moskvaya səfəri çərçivəsində Rusiya Təhsil Akademiyasında və Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlərin İşləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Rusiya Federal Agentliyində görüşlər keçirdiyini, Rusiya Təhsil Nazirliyi ilə təhsil və elm sahələrində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etdiyini qeyd edib.
Qeyd edək ki, görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.