...

Azərbaycanın şimal bölgəsinin bəzi kəndləri üçün təhlükə gözlənilir

Cəmiyyət Materials 18 Aprel 2016 13:52 (UTC +04:00)
Hazırda Azərbaycanın şimal-şərq yamacındakı - Quba-Xaçmaz zonasındakı çaylarda - Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçayda sular maksimal axınla gedir.
Azərbaycanın şimal bölgəsinin bəzi kəndləri üçün təhlükə gözlənilir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Hazırda Azərbaycanın şimal-şərq yamacındakı - Quba-Xaçmaz zonasındakı çaylarda - Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçayda sular maksimal axınla gedir. Əgər şimal-şərq yamacında bir dəfə leysan yağsa, o çaylar ətrafdakı yaşayış məntəqlərinə və s. ziyan vuracaq. Bu, artıq gözləniləndir".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, Qusar, Quba və Xaçmaz rayonlarının dağətəyi və düzənlikdə yerləşən kəndlərinin bir çoxu təhlükə altında ola bilər.

E.Əlizadə Lerikdəki Təngərud çayı və onun qollarında son daşqının baş verməsinin səbəbini də açıqlayıb: "Lerikdə yağışların intensivliyi bunu gözləməyə imkan verirdi. Lerikdə ona görə çox daşqın olub ki, yağışlar yağmışdı, torpaq, səth süxurları su ilə dolmuşdu. Yağan yağıntılar isə hopmağa deyil, birbaşa sətn axınına gedirdi, çünki məhlullar artıq dolub. İntensiv yağış da belə güclü daşqına səbəb oldu".

E.Əlizadə qeyd edib ki, çaylarda daşqınların baş verməsi ehtimalını azaltmaq üçün tədbirlər görülsə də, bunlar kifayət qədər deyil.

Onun sözlərinə görə, bütün çaylarda, xüsusilə yaşayış məntəqlərindən keçən çaylarda profilaktik meliorativ tədbirlər görülməlidir.

Alim qeyd edib ki, həmin çayların dərələri mütləq təmizlənməlidir: "Azərbaycanda bu tədbirlər demək olar ki, görülmür. Bu tədbirlər çox cüzi sayda - 1-2 sel təhlükəsi olan çayda həyata keçirilir. Çay dərələri hər il gətirilmə süxurlarla dolur. Onları təmizləmək lazımdır ki, çay axını üçün yol açılsın. Amma ölkədə bu tədbirlər demək olar ki, həyata keçirilmir. Əgər bu tədbirlər görülsə, çayın su buraxma qabiliyyəti artar".

E.Əlizadə deyib ki, çayın yaşayış məntəqələrini yumasının qarşısını almaq üçün çay dərələrində, xüsusilə çayın yaşayış məntəqəsindən keçən hissəsində dərəni möhkəmlətmək, orada beton qoruyucu divarlar çəkmək lazımdır.

E.Əlizadə qeyd edib ki, bu tədbirlərin görülməsi daşqınların vurduğu ziyanın dəyərindən 10 dəfə ucuz başa gəlir.

Qeyd edək ki, aprelin 16-da yağan yağışlar nəticəsində baş verən daşqınlar Lerik rayonunun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kənd sakinlərinə ciddi ziyan vurub, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını güclü axını olan su aparıb. Təbrizli kəndindəki körpü isə yarasız vəziyyətə düşüb.

Leysan həmçinin, rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti